Azər Bağırov: “Artıq futbolda ən kiçik detallar belə həlledici rol oynayır”

16 İyun 2026 17:06
81
Azər Bağırov: “Artıq futbolda ən kiçik detallar belə həlledici rol oynayır”

“Artıq dünya futbolu tamamilə fərqli səviyyəyə yüksəlib. Müasir futbolda hər bir detal üzərində ciddi şəkildə işlənilir. Rəqiblərin analizi, oyunun tempi, taktiki hazırlıq o həddə çatıb ki, hətta saniyələr belə xüsusi proqramlar vasitəsilə araşdırılır”.

Bu sözləri “Şamaxı” komandasının yeni baş məşqçisi Azər Bağırov deyib.

Təcrübəli mütəxəssis müasir futbolda detallara verilən önəmin ildən-ilə artdığını vurğulayıb.

“Məşqçilər korpusu hər bir futbolçunun meydandakı hərəkətlərini, rəqibin güclü və zəif tərəflərini öncədən müəyyənləşdirərək oyun planı hazırlayır. Təbii ki, meydanda düşünən, oyunu oxumağı bacaran və verilən tapşırıqları dəqiq yerinə yetirən futbolçular olduqda bu planlar işləyir və nəticədə komanda istədiyi xalları qazana bilir. Digər vacib amil isə iqlim və şərait məsələsidir. ABŞ kimi böyük əraziyə malik ölkədə keçirilən dünya çempionatında hava şəraiti, vaxt fərqi və uzun məsafəli səfərlər komandaların hazırlığına birbaşa təsir göstərir. Futbolçuların yeni mühitə uyğunlaşması müəyyən vaxt tələb edir və bu da onların ilk oyunlardakı performansında hiss oluna bilər. Bir çox yığmalar hələ optimal formalarını tapmağa çalışırlar”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Bağırov dünya çempionatının ilk mərhələsində komandaların daha təmkinli oyun nümayiş etdirməsini bildirib:

“Bundan əlavə, turnirin ilk oyunları olduğu üçün komandalar daha ehtiyatlı çıxış etməyə çalışırlar. Rəqiblərini dərindən analiz edir, riskləri minimuma endirməyə üstünlük verirlər. Çünki heç bir yığma yarışın əvvəlində xal itirmək istəmir”.

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.

İdman.Biz