Ötən həftə Bakının Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında vəfat edən 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov futbolçu olub.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, infarkt keçirdiyi bildirilən gənc “Mübariz” Futbol Akademiyasının komandasında çıxış edib.
Onun ötən yayda futbolu məhz ürəyindəki problem səbəbindən atdığı deyilir. “Mübariz” Futbol Akademiyasının məşqçisi Cavid Mürsəlov Eşqinin onların komandasında çıxış etdiyini təsdiqləyib:
“Bəli, Eşqin komandamızın üzvü olub. Təxminən 2 il bizdə çıxış etdi. Bildiyimə görə, əvvəl heç yerdə oynamamışdı. Fiziki göstəriciləri əla idi. Boylu-buxunlu uşaq idi. Yaxşı oynayırdı. Sağlamlıq haqqında arayış gətirmişdi, onsuz kimisə komandaya götürməyimiz mümkün deyil. Amma arayışı necə alıblar, deyə bilmərəm. Əmisi oğlu Tunar hazırda bizdə çıxış edir.
Eşqinin komandadan ayrılmasına gəlincə, imtahanlarına görə davam edə bilmədi. Valideynləri onun təhsilə daha çox vaxt ayırmasını vacib hesab etdilər”.
