“Zirə”nin baş məşqçisi: “Finalda məğlubiyyətimiz 4 komandaya sərf edir”

12 May 2026 19:47
119
“Zirə”nin baş məşqçisi: “Finalda məğlubiyyətimiz 4 komandaya sərf edir”

“Daha əvvəl kubokun finalında “Qarabağ” kimi güclü kollektivlə qarşılaşmışdıq. “Sabah”ın da gücünə bələdik”.

İdman.Biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

“Rəqib komandanın baş məşqçisi karyerasında 9 titul qazanıb. Kifayət qədər təcrübəli mütəxəssisdir. Ona və ustalığına böyük hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçilər var. Bu mövsüm də çempionatın qalibi olublar. Bizim itirəcək çox şeyimiz var. Bu baxımdan “Sabah”la görüş avrokuboklar yolunda bizim üçün son şansdır”, - Sadıqov bildirib.

Onun sözlərinə görə, finalda məğlub olmaları 4 komandaya müsbət təsir edir: “Bu amil bizə xüsusi motivasiya vermir, ya da bizə pis təsir etmir. Bu barədə futbolçularımızla da söhbət etmişik. Belə situasiya yaranıb ki, məğlub olmağımız 4 komandaya sərf edir. Amma biz öz oyunumuza köklənmişik və qələbə qazanmaq istəyirik”.

R.Sadıqov penaltilər seriyasına hazırlaşdıqlarını vurğulayıb: “Biz də istərdik ki, oyunun taleyi ilk 90 dəqiqədə həll olunsun. Amma penaltilər seriyasına getmək hər bir halda bizim üçün uğurlu nəticə hesab oluna bilər. Rəqib komandanın baş məşqçisi penaltilər seriyasına hazırlaşmadıqlarını bildirib. Onun yerində olsaydım, mən də belə düşünərdim. Sabahkı nəticədən asılı olmayaraq, futbolçularıma indiyədək göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm və onlarla qürur duyuram”.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

İdman.Biz