İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta Xavinin komandadan ayrılması ilə bağlı prosesin necə baş verdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Laportanın sözlərinə görə, Xavi mövsüm sonunda klubdan ayrılacağını əvvəlcə özü elan edib.
“Xavi mövsümün sonunda gedəcəyini özü bildirib. Daha sonra evimə gəlib izah etdi ki, əslində davam etmək istəyir və buna ehtiyac duyur”, - deyə klub prezidenti bildirib.
Laporta həmin görüşdə ona yalnız bir sual ünvanladığını deyir:
“Xaviyə dedim: “Komandaya inanırsan?” O isə cavab verdi ki, 100% inanır və bu futbolçuları çempion edəcək”.
Lakin bir həftə sonra Laporta mətbuat konfransında Xavinin başqa açıqlama verdiyini eşidib:
“O, komandaya rəqabətədavamlı olmaq üçün iki il lazım olacağını dedi. Öz-özümə düşündüm: “Bu nədir? Xavi daha sonra Dekoyla danışaraq bir neçə əsas komanda futbolçusunun dəyişdirilməsi ehtimalını gündəmə gətirib. Mən Xaviyə böyük hörmət bəsləyirəm və dedikləri məni çox təsirləndirdi”.
Laporta son olaraq bildirib ki, klub əvvəllər də çətin qərarlar verməli olub:
“Messi, Alba, Buskets, Pike, hətta Xavi və Kumanla bağlı da çətin qərarlar vermişik. Amma “Barselona”da institut hər zaman birincidir. Klub oyunçulardan, prezidentlərdən və məşqçilərdən daha üstündür”.
