“Çelsi” ilə oyun çox həyəcanlı keçəcək” - Leandro Andrade ilə MÜSAHİBƏ

Müsahibə
25 Oktyabr 2025 17:43
51
“Çelsi” ilə oyun çox həyəcanlı keçəcək” - Leandro Andrade ilə MÜSAHİBƏ

“Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb.

İdman.Biz xəbər verir ki, o, fərqli UEFA turnirlərində - Çempionlar Liqası və Avropa Liqasında - hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub. Andrade Ağdam təmsilçisinin rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb.

– Avropa futbolunda tarix yazmısınız. Çempionlar Liqası və Avropa Liqasınln fərqli oyunlarənda ilk dəqiqədə qol vuran ilk futbolçu olmusunuz. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

– Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı.

– “Hekken” və FKSB-yə qarşı ilk dəqiqədə vurduğunuz qollardan sonra “Atletik Bilbao”ya qarşı da eyni hal təkrarlanıb. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?

– Bu, təsadüf deyil. Baş məşqçimiz Qurban Qurbanov daim bizə ilk dəqiqədən diqqətli və fokuslanmış şəkildə başlamağı tapşırır. Mən də çalışıram, bunu meydanda maksimum dərəcədə tətbiq edim. Əlbəttə, bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. Bilbao ilə oyunda fərdi olaraq tarix yazdım, amma “Hekken”lə qarşılaşmada biz komanda olaraq tarix yaratdıq, çünki o qələbə ilə qrup mərhələsinə vəsiqə qazandıq. Mənim üçün ən sevimli qol da məhz həmin oyunda vurduğum qoldur.

– “Atletik”lə görüşdə erkən qol vursanız da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?

– Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, Bilbaoya qarşı daha yaxşı oynamaq potensialımız var. Nəticəyə görə məsuliyyət bizə aiddir, daha yaxşı çıxış edə bilərdik. Aleksey Kaşukun epizodu ilə oyunun taleyini dəyişmək ərəfəsində idik. O, fürsəti qaçırmadı, sadəcə çox düzgün qərar verdi, amma Yurinin müdaxiləsi həqiqətən möhtəşəm idi — buna da haqqını vermək lazımdır.

– Növbəti turda, noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?

– “Çelsi”yə qarşı oyun çox həyəcanlı olacaq. Amma etiraf edim ki, indi hələ o matç haqqında yox, daha çox hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var, məşqlərdə bəzi detalları təkmilləşdirməliyik. Komandanın məqsədi hər görüşdə bir az da inkişaf etməkdir. Mən də hazırda buna fokuslanmışam.

İdman.Biz