“Qarşıda hələ dörd oyun var və mən mövsümü mümkün qədər güclü şəkildə başa vurmağa fokuslanmışam”.
Bunu “Şamaxı”nın rumıniyalı yarımmüdafiəçisi Andrey Tirkoveanu futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– 29 tura 35 xal toplamısınız və hazırda səkkizinci yerdəsiniz. Bu nəticəni “Şamaxı” adına uğurlu saya bilərik? Yoxsa düşünürsünüz ki, potensialınız daha yuxarı pillələrdə olmağa imkan verir?
– Doğrudur ki, məqsədimizə çatdıq, amma paltardəyişmə otağında hazırda turnir cədvəlində tutduğumuz mövqedən daha yüksək nəticəni hədəfləmişdik. Buna nail olmaq üçün hələ vaxtımız var və son tura qədər mübarizəni davam etdirəcəyik.
– Növbəti turda “Sabah”ı qəbul edəcəksiniz. Hazırda turnir cədvəlinə liderlik edən komandaya qarşı bu mövsüm keçirdiyiniz iki oyundan birində qolsuz heç-heçə etmisiniz, digərində isə 1:2 hesabı ilə uduzmusunuz. Budəfəki matçda daha yaxşı nəticəyə ümid edirsizmi?
– “Sabah” çox güclü komandadır. Onlar möhtəşəm mövsüm keçirirlər və Şamaxıya da qələbə qazanmaq üçün gələcəklər. Bu oyun onlar üçün çempionluğu riyazi baxımdan təmin edə biləcək qarşılaşma ola bilər. Amma biz də güclü komanda olduğumuzu göstərməyə çalışacağıq. Bu, bizim üçün bir çağırışdır və əlimizdən gələni edəcəyik.
– Mövsümün qalan oyunlarından gözləntiniz nədir?
– Dediyim kimi, turnir cədvəlində daha yuxarı qalxmağa çalışacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma bu cür matçlarda da göstərmişik ki, bizi məğlub etmək asan deyil. Təəssüf ki, cari mövsümdə bizdən aşağı pillədə olan komandalarla görüşlərdə bəzi xallar itirdik.
– “Şamaxı” ilə müqaviləniz mövsümün sonunda bitir. Baş məşqçi Ayxan Abbasovun gedişi komandada qalıb-qalmamaq məsələnizə təsir edəcəkmi? Ümumiyyətlə, klub sizə yeni sözləşmə təklif edib?
– Qarşıda hələ dörd oyun var və mən mövsümü mümkün qədər güclü şəkildə başa vurmağa fokuslanmışam. Baş məşqçinin gedişinə gəlincə, Ayxan Abbasov onu nə qədər yüksək qiymətləndirdiyimi çox yaxşı bilir. Şübhəsiz ki, gedişi klub üçün böyük itkidir.
