“Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı: “Möcüzəyə inanırıq” - MÜSAHİBƏ

29 Aprel 2026 12:43
119
“Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı: “Möcüzəyə inanırıq” - MÜSAHİBƏ

“Mövsümün gedişində müqavilə məsələsi barədə danışmağı sevmirəm”.

Bunu “Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı Pedro Mateuş futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir. Sürpriz etməyə gücünüz çatacaq?

– Əlbəttə, gücümüz çatar. Çətin anlarda belə, özümüzə inanırıq. “Neftçi”nin güclü komanda olduğunu bilirik. Amma onlara qarşı yaxşı hazırlaşacaq və xal qazanmaq üçün mübarizə aparacağıq. Bu görüşə böyük ambisiya ilə çıxacağıq.

– Mövsümün sonuna cəmi dörd tur qalıb və 11-ci pillədəki “Qəbələ”dən altı xal geri qalırsınız. Möcüzə edə, liqada qala biləcəksiniz?

– Bu, asan deyil, amma biz yenə də inanırıq. Hələ qazana biləcəyimiz xallar var və futbolda hər şey baş verə bilər. Bizim fokusumuz oyunlarımızı qazanmaq və son tura qədər mübarizə aparmaqdır. Nə qədər ki, riyazi şansımız var, təslim olmayacağıq.

– “Karvan-Yevlax”la müqavilənizin müddəti yayda bitəcək. Komanda zəif çıxış etsə də, siz inamlı oyununuzla Azərbaycanda adınızdan söz etdirməyi bacardınız. Digər klublarımızdan və ya başqa ölkələrdən təkliflər almısınız? Növbəti mövsümü harada keçirməyi planlaşdırırsınız?

– Mövsümün gedişində müqavilə məsələsi barədə danışmağı sevmirəm. Qarşıda hələ vacib oyunlarımız var, bu barədə danışmağım peşəkarcasına olmaz. Hazırda tam olaraq mövsümün sonuna qədər “Karvan-Yevlax”a kömək etməyə fokuslanmışam. Ondan sonra isə nə olacağını görəcəyik.

İdman.Biz