AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən oyunlardakı hakim qərarlarını şərh edib.
İdman.Biz xəbər verir ki, ilk olaraq “İmişli” – “Sumqayıt” oyunundakı penalti epizodu dəyərləndirilib və ev sahibi komandanın oyunçusunun rəqibi davamlı olaraq tutduğu, 11 metrlik cərimə zərbəsinin haqlı olduğu bildirilir.
Daha sonra “Şamaxı” – “Kəpəz” oyununda qonaq komandanın ləğv edilən qoluna diqqət çəkilir və VAR-ın daha öncə topun meydanı tərk etdiyi barədə qərarının haqlı olduğu vurğulanıb.
“Turan Tovuz” – “Zirə” qarşılaşmasındakı penalti gözləntisi qərarı da şərh edilib. Həmin epizodda VAR-ın qərarının düzgün olduğu, “Zirə”nin oyunçusunun topa çata bilməyəcəyini görüb özünü yerə atdığı bildirilir və “Turan Tovuz”un oyunçusunun təmasının oyunçunu yerə yıxacaq dərəcədə olmadığı deyilir.
Eyni oyunda “Zirə”nin ləğv edilən qoluna diqqət çəkilir. Bildirilir ki, qolda rolu olan futbolçu oyundankənar vəziyyətdə olduğu üçün VAR-ın qərarı haqlıdır.
Həmin oyunda daha bir mübahisəli məqam isə “Turan Tovuz”un künc zərbəsindən sonra topun dəf edilərkən “Zirə”nin oyunçusunun əlinə dəydiyi üçün penalti gözləntisidir. Hakim köməkçisinin işarəsindən sonra küncə zərbəsi zamanı topun meydanı tərk etdiyini deyərək, qapıdan zərbə qərarı verir və bu qərar haqlı hesab edilib.
Son olaraq “Sabah” – “Karvan-Yevlax” oyunundakı epizodlar analiz edilir. Oyunda “Sabah” oyunçusunun həddindən artıq aqressiv oynadığı və qırmızı vərəqə aldığı ana diqqət yetirilib. VAR hakimin qırmızı vərəqə qərarını təsdiqləyir və topa müdaxilə zamanı oyunçunun ayağının açıq vəziyyəti, bunun rəqib futbolçunun sağlamlığı üçün təhlükəli epizod olduğu qeyd olunur.
