Rafinya keçmişinin qaranlıq tərəflərini açdı

28 Aprel 2026 19:31
220
Rafinya keçmişinin qaranlıq tərəflərini açdı

İspaniyanın “Barselona” futbol komandası və Braziliya millisinin üzvü Rafinya uşaqlıq illərində yaşadığı çətinliklər barədə səmimi etiraflar edib.

İdman.Biz xəbər verir ki, ulduz futbolçu böyüdüyü mühitin olduqca təhlükəli olduğunu bildirib.

O, yeniyetmə yaşlarında asan yolla pul qazanmaq imkanlarının çox olduğunu, lakin bir çox insanın məhz bu yolda özünü itirdiyini vurğulayıb:

“Mən cinayətkarlıq və narkotik ticarəti səbəbindən çoxlu dostumu itirmişəm. Onların arasında futbolda məndən daha istedadlı olanlar var idi”.

Olduqca kasıb ailədə böyüdüyünü deyən Rafinya, uşaq vaxtı məşqlərdən sonra küçədə dayanıb insanlardan yemək üçün pul istədiyini xatırlayıb:

“Bəzi insanlar mənə kömək edirdi, bəziləri isə tərəddüd etmədən məni avara adlandırırdı. On iki və ya on dörd yaşım olanda səkkiz-doqquz saat ac qaldığım vaxtlar olurdu. Çünki pulum ancaq evə qayıtmaq üçün avtobus biletinə çatırdı”.

Təcrübəli oyunçu hazırkı uğurlarını belə xarakterizə edib:

“Əsl sehr mənim meydanda etdiklərim deyil, o mühitdən çıxmağı bacarmağım və doğru yolda qalmağımdır”.

İdman.Biz