“Qarabağ” klubunun yarımmüdafiəçisi Leandro Andrade ötən gün “Atletik”lə oyunun ilk saniyələrində qol vurmaqla Çempionlar Liqasının 2025/2026-ci il mövsümünün rekorduna imza atıb.
İdman.biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda, oyunun 48-ci saniyəsində vurulan bu qol mövsümün ən erkən qolu olub.
Bundan əvvəl isə bildirilirdi ki, “Qarabağ”ın yarımmüdafiəçisi UEFA-nın üç fərqli turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında - ilk dəqiqədə qol vuran yeganə futbolçu kimi tarixə düşüb.
Sürətli başlanğıca baxmayaraq, Ağdam klubu Bilbaoda 1:3 hesabı ilə məğlub olub və altı xalla turnir cədvəlində 13-cü pilləyə enib.
Çempionlar Liqasının tarixində vurulmuş ən erkən qolların siyahısı:
Roy Makaay - 10,12 saniyə: “Bavariya” - “Real Madrid” (2:1, 7 mart 2007, 1/8 final)
Jonas - 10,96 saniyə: “Valensiya” - “Bayer” (3:1, 1 noyabr 2011, qrup mərhələsi)
Gilberto Silva - 20,07 saniyə: PSV(Eyndhoven) - “Arsenal” (0:4, 25 sentyabr 2002, qrup mərhələsi)
Alessandro Del Piero - 20,12 saniyə: “Mançester Yunayted” - “Yuventus” (3:2, 1 oktyabr 1997, qrup mərhələsi)
Klarens Zedorf - 21,06 saniyə: “Şalke” - “Milan” (2:2, 28 sentyabr 2005, qrup mərhələsi)
İspaniya mətbuatı qeyd edib ki, Andradenin vurduğu top “Atletik”in Çempionlar Liqası tarixində buraxdığı ən erkən qol olub. Bundan başqa, bu qol 2013-cü ildə istifadəyə verilən “San-Mames” stadionunda vurulmuş ən erkən qollar arasında dördüncü yeri tutur.
Xatırladaq ki, “Qarabağ” noyabrın 5-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda London “Çelsi”sinə qarşı oynayacaq.
Teymur Tuşiyev