Millimizin baş məşqçisi Çexiya ilə oyunöncəsi: “Heç bir narahatlığım yoxdur” - VİDEO

Xəbərlər
10 Oktyabr 2025 16:13
40
Millimizin baş məşqçisi Çexiya ilə oyunöncəsi: “Heç bir narahatlığım yoxdur” - VİDEO

“Hər məşqçinin öz oyun tərzi var. İstəsəm də başqasını kopyalaya bilmərəm. Düzdür, bəzi taktiki gedişlər eyni qalır. Amma bunlar oyun içində fərqli olacaq”.

İdman.Biz xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında deyib.

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya ilə üz-üzə gələcək yığmamızın çalışdırıcısı bildirib ki, meydana Portuqaliya və Bolqarıstan oyunlarındakı heyətə yaxın komanda ilə çıxacaqlar: “Çexiyanı yaxşı analiz etmişik. Onlara uyğun bir heyət çıxaracağıq. Komandamla bağlı heç bir narahatlığım yoxdur. Yaxşı oyunçularımız var. Bu futbolçuların gələcəkdə daha da parlaq olacağını düşünürəm. Onların əsas milliyə də gedə biləcəyini inanıram.

Millinin məşqçiləri olaraq hər bir oyunçunun klublarında aparıcı rolda olmasını istəyərik. Amma reallıq başqadır. Bəzi futbolçuların oyun praktikası elə də yaxşı deyil. Ancaq biz görüşə yaxşı köklənmişik. İnanıram ki, heç nə bizə problem yaratmayacaq”.

Xatırladaq ki, Çexiya - Azərbaycan matçı bu gün saat 20:00-da start götürəcək.

İdman.Biz