Anna Başta: “Taleyimi babam proqnozlaşdırmışdı” – QOLUNDAKI DÖYMƏNİN TARİXİ

Xəbərlər
16 Noyabr 2023 13:36
390
Anna Başta: “Taleyimi babam proqnozlaşdırmışdı” – QOLUNDAKI DÖYMƏNİN TARİXİ

“Taleyimi babam proqnozlaşdırmışdı. Yadımdadır, balaca olanda babamla biatlon üzrə Qış Olimpiya Oyunlarına baxırdıq. O, mənim də nə vaxtsa Olimpiadada iştirak edəcəyimi bildirdi”.

Bunu İdman.bizə müsahibəsində Azərbaycan yığmasının qılıncoynadanı Anna Başta şəxsi həyatından danışarkən deyib.

Babası ilə bağlı daha bir xatirəsini bölüşən Avropa çempionu qolundakı döymələrin də baba yadigarı olduğunu deyib: “Yadımdadır, babamın döyməsi var idi, bu, mənim çox xoşuma gəlirdi. Böyüyəndə nə döyməsi vurdurmağımla bağlı çox götür-qoy etdim. Birdən yadıma olimpiya halqaları haqqında uşaqlıq illərindəki hekayə düşdü və onu gerçəkləşdirdim”.

Anna əlavə edib ki, hələlik ailə qurmaq barədə düşünmür: “Özümlə tam harmoniyadayam. Təbii ki, uşaqlar istəyirəm və övladımın ilk addımlarını atdığını, ilk sözlərini dediyini görməyi istəyirəm. İdmanla bu, bir araya gəlmir. Mən uşağımın kimsə tərəfindən böyüdülməsini istəmirəm. Onları şəxsən özüm böyütmək istəyirəm, bir sözlə, bütün analıq hissini yaşamaq niyyətindəyəm. Ona görə də planım yalnız karyeramı bitirdikdən sonra ailə qurmaqdır”.

Şəbnəm Rəhimova

İdman.biz