“Dünya çempionatında fərqli psixoloji yanaşma lazımdır” - Qılıncoynatma millisinin baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

4 İyul 2026 16:43
82
“Dünya çempionatında fərqli psixoloji yanaşma lazımdır” - Qılıncoynatma millisinin baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın qadın sablyaçıları arasında komanda yarışında Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına ilk dəfə lisenziya qazanmaq millimizin əsas məqsədidir.

Bunu İdman.Biz-ə müsahibəsində Azərbaycanın qılıncoynatma millisinin baş məşqçisi Çingiz Mustafayev deyib.

Mütəxəssisin sözlərinə görə, Fransa keçirilən son Avropa çempionatında komanda bu məqsədə bir qədər də yaxınlaşıb:

“Qadın sablyaçıların komanda yarışında Olimpiadaya vəsiqə qazanmaq üçün böyük turnirlərdə ilk səkkizliyə düşməyimiz çox vacibdir. Avropa çempionatında minimum hədəfimizi yerinə yetirə bildik və reytinqdə mövqeyimizi möhkəmləndirdik”.

Bununla yanaşı, Mustafayev çıxışdakı çatışmazlıqlara da toxunub və komandanın lideri Anna Baştanın vəziyyətini dəyərləndirib:

“Ayrı-ayrı görüşləri nəzərdən keçirsək, Polşa ilə qarşılaşmalardakı çıxışımızdan tam razı qalmadıq. Düşünürəm ki, həmin görüşlərdə bərabər səviyyədə mübarizə aparmalı idik. Başqa sözlə, zərbəyə zərbə ilə cavab verməliydik. Ümumilikdə isə təkcə mən yox, bir çox mütəxəssis hesab edir ki, Avropa çempionatı dünya çempionatından daha çətin turnirdir. Burada ilk görüşdən etibarən güclü rəqiblərlə qarşılaşırsan və səhvə yer yoxdur. Polina Kasperoviçdən daha yaxşı çıxış gözləyirdik. Ola bilsin ki, bəzi məqamlarda nələrsə çatmadı. Anna Baştanın isə əvvəlki formasına qayıtması üçün zamana ehtiyacı var”.

Kişi yığmasında isə baş məşqçini xoş mənada təəccübləndirən idmançı olub:

“Maqsud Hüseynli bizi sözün yaxşı mənasında təəccübləndirdi. Gənc yaşına baxmayaraq, ilk səkkizliyə düşməyi bacardı. Əlbəttə, olimpiya və dünya çempionlarının iştirak etdiyi böyüklər yarışında belə nəticə bizi sevindirməyə bilməzdi.

Kişilərin komanda yarışına gəlincə, reytinqimiz aşağı olduğuna görə ilk görüşdə güclü İtaliya yığması ilə qarşılaşdıq. Məğlub olsaq da, idmançılarımız əllərindən gələni etdilər. Türkiyəyə də uduzduq, amma həmin görüşdə də yaxşı təsir bağışladıq. İlk səkkizliyə yüksələ bilməsək də, Bolqarıstan üzərində qələbə qazandıq. Kişilərdən ibarət sablya millimiz gənc komandadır. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr göstərəcəklər".

Çingiz Mustafayev bildirib ki, hazırda yığma dünya çempionatına hazırlaşır və uğurlu çıxış etməyə ümid edir:

“Avropa çempionatında bizə sabitlik çatmadı və fərqli psixoloji yanaşma tətbiq edilməli idi. Dünya çempionatında bu cəhətləri mütləq yaxşılaşdırmalıyıq”, – deyə baş məşqçi əlavə edib.

İdman.Biz