“Milli komanda əvvəlkindən daha inamlı görünür” - Səbinə Kərimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

30 May 2026 12:00
151
“Milli komanda əvvəlkindən daha inamlı görünür” - Səbinə Kərimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Peruda keçirilən qılıncoynatma üzrə Dünya Kuboku mərhələsi Azərbaycanın sablyaçı qızlarının inkişaf etdiyini göstərib.

Bunu İdman.Biz-ə açıqlamasında həmin yarışda Anna Başta, Palina Kaspyaroviç və Zərifə Hüseynova ilə birlikdə komandanın heyətində çıxış edən azərbaycanlı qılıncoynadan Səbina Kərimova deyib.

İdmançı yığmanın çıxışında müsbət dəyişikliklərin olduğunu vurğulayıb:

“Azərbaycan layiqli çıxış etdi. Komanda nəticələri yaxşılaşıb, güclü rəqiblərlə qarşı bərabər mübarizə gedir. Hazırda milli komanda əvvəlki mövsümlərlə müqayisədə daha inamlı və daha sabit görünür. Görünür ki, komanda tədricən formaya düşür və beynəlxalq arenada rəqabət qabiliyyətini geri qaytarır”.

Kərimova öz çıxışını da dəyərləndirib:

“Mənim üçün bu mərhələ emosional baxımdan çox zəngin və təcrübə qazanmaq nöqteyi-nəzərindən çox faydalı oldu. Səviyyəmi göstərə bildiyim yaxşı görüşlər oldu, amma üzərində işləməli olduğum məqamlar da var. Ən çətin qarşılaşmalar yüksək səviyyəli rəqiblərlə oldu. Orada hər şeyi konsentrasiya, qərarvermə sürəti və son toxunuşa qədər dözümlülük həll edirdi. Ümumilikdə özümdən qismən razı qaldım: müsbət məqamlar var, amma anlayıram ki, daha yaxşı çıxış edə bilərəm. Buna görə də işləməyə davam edirəm”.

İdmançı hazırda yığmanın Avropa çempionatına intensiv hazırlaşdığını da vurğulayıb. Komanda son startlardan sonra buraxılan səhvlər üzərində işləyir, əsas diqqəti fiziki hazırlığa və taktikaya yönəldir.

Xatırladaq ki, Azərbaycanın qılıncoynatma üzrə milli komandası Peruda keçirilən Dünya Kuboku mərhələsində altıncı yeri tutub.

İdman.Biz