Azərbaycan sablyaçısı Dünya Kubokunda bürünc medal qazanıb - FOTO

28 Mart 2026 19:14
117
Azərbaycan sablyaçısı Dünya Kubokunda bürünc medal qazanıb

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.

İdman.Biz bildirir ki, qqrup mərhələsini 5 qələbə ilə başa vuran Palina qadın sablyaçıların şəxsi yarışında yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.

Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispan Araceli Navarronu (15:13) məğlub edərək ən güclü səkiizliyə yüksəlib. Sablyaçımız yarımfinala yüksəlmək uğurunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyərək mübarizəni yarımfinalda davam etdirib. Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzub.

Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.

Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.

Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.

İdman.Biz