“Artıq bir neçə aydan sonra qayıtmağı planlaşdırıram” - Anna Baştanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
23 Yanvar 2026 10:51
73
“Artıq bir neçə aydan sonra qayıtmağı planlaşdırıram” - Anna Baştanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Anna Başta yeni mövsümə böyük ümidlərlə start verir. Azərbaycan millisinin sablyaçı üzvü zədədən sonra bərpa prosesini davam etdirir.

Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı və ikiqat olimpiya iştirakçısı olan idmançı perspektiv planlarından İdman.Biz-lə söhbətində danışıb.

- Anna, necəsiniz, səhhətiniz necədir?

- Əslində bir neçə ay əvvəllə müqayisədə vəziyyətim xeyli yaxşıdır. İlk növbədə emosional və fiziki durumum, eləcə də zədədən sonrakı reabilitasiya baxımından irəliləyiş var. Yavaş-yavaş yuxarı doğru gedirəm və ən əsası, inkişafı görürəm. Çünki elə məqamlar olub ki, heç bir yaxşılaşma hiss etmirdim və bu, çox ağır təsir edirdi, hətta müəyyən mənada məni sındırırdı. İndi emosional vəziyyətim normallaşıb, Sankt-Peterburqda soyuq qışın dadını çıxarıram. –15 dərəcə isə yeganə xoş olmayan məqamdır, artıq üşüməkdən yorulmuşam (gülümsəyir).

- Yeni mövsümdən gözləntiləriniz nədir?

- Qılıncoynatmada mövsüm təxminən oktyabrda, dünya çempionatından dərhal sonra başlayır. Bu baxımdan bizim üçün mövsüm artıq start götürüb. Qayıdışımı yaz aylarına, daha çox isə yaya yaxın planlaşdırıram. Amma anlayıram ki, həkimlərin tövsiyələrinə əməl etmək lazımdır və emosional baxımdan da hələ tam hazır deyiləm. Bir ay yarım əvvəl uşaqlarla qılıncoynatmaya başlamışam və məşqlərə ilk qayıtdığım vaxtla indiki hisslərim arasında fərqi açıq şəkildə görürəm. Yavaş-yavaş bütün qorxular aradan qalxır, amma dünya arenasına qayıdış üçün hələ uzun yol qət etmək lazımdır.

- Hansı turnirlərdə çıxış edəcəyinizi artıq müəyyənləşdirmisiniz?

- Hər hansı milli yarış və ya beynəlxalq turnir nəzərdə tutulmur. Bu səbəbdən birbaşa Dünya Kubokundan başlamaq lazım gələcək ki, orada qılıncoynatmanın sürəti çox yüksəkdir. Bu isə tamamilə fərqli hazırlıq səviyyəsi tələb edir. Hazırda mənim üçün əsas olan yenidən pistə qayıtmaq, həmin ab-havanı və adrenalini hiss etməkdir.

- Bu il üçün məqsədləriniz nələrdir?

- Olimpiya təsnifatına hələ vaxt var, ona görə də tələsməyə ehtiyac yoxdur. Əsas məsələ tez yox, keyfiyyətli qayıtmaqdır ki, zədənin təkrarlanmasının qarşısı alınsın. Hazırda mənim üçün vacib olan geri dönüşdür, qarşıma yüksək məqsədlər qoymaq istəmirəm və bunu düzgün də hesab etmirəm. Məsələn, dünya çempionatına medal üçün getdiyimi demək bu mərhələdə yersiz olardı. Mərhələli, sakit qayıdış istəyirəm və bu, ən məntiqli və optimal variantdır.

- Sizin kimi zədə alan idmançılarla ünsiyyətdə olmusunuz? Onların məsləhətləri və dəstəyi sizə kömək edibmi?

- Açığı, onlar mənə çox kömək etdilər. Reabilitasiyanı necə keçdiklərini, hansı çətinliklərlə, o cümlədən psixoloji baxımdan nələrlə üzləşdiklərini danışırdılar. Çünki bəzən insanın əlləri yanına düşür. Oxşar zədələr yaşamış idmançılar tələsməməyin vacibliyini vurğulayır, düşünmək üçün mənə stimul verirdilər. Bütün bunlar məni reallığa qaytardı. İndi isə mən öz təcrübəmi bölüşməyə hazıram. Çünki faktiki olaraq mənə yeni ayaq tikiblər, nə qədər acı səslənsə də. Bu reallıqla yaşamaq məcburiyyətindəyəm. Ayaq hələ də ağrıyır və əvvəlki kimi elastik deyil, amma çox vaxt keçməyib. Sevindirici məqam odur ki, artıq yüklənmə ilə bağlı heç bir məhdudiyyət yoxdur – hər şey başdadır.

- Son ayları ümumilikdə necə keçirmisiniz?

- Məşqlər etdim, eyni zamanda dincəlməyə də getdim. Bir tendensiya müşahidə etdim ki, bir həftəlik istirahətdən sonra düşüncələr tamamilə dəyişir. Daha enerjili qayıdırsan və hazırlıq prosesində özünü çox yaxşı hiss edirsən. Məşqçi ilə çalışarkən sanki güc axını yaranır, gördüyün işdən zövq alırsan. Beləcə, neqativ məqamları dəf edirəm və zəhmətimin nəticəsini görməyə başlayıram. Artıq çox az qalıb və bir neçə aydan sonra pistə çıxmağı planlaşdırıram. Hələlik o “X günü” adlandırmaq istəmirəm – tarix beynimdə var, amma hər şey ola bilər…

İdman.Biz