Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif olunublar.
Sablya yarışlarında kişilər arasında Saleh Məmmədov birinci, Rəsul Əliyev ikinci, Abbas Hüseynov və Murad Əkbərov üçüncü yeri tutublar. Qadınların mübarizəsində Valentina Zeynalova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayan Ağasıyeva gümüş, Leyla Əhmədova və Fərəh Abasova isə bürünc medala sahib olublar.
Şpaqa növündə kişilər arasında Barat Quliyev qızıl, Mirxətai Məmmədov gümüş, Kənan Əliyev və Osman Məmmədov bürünc medal qazanıblar. Qadınların turnirində isə Mirnuray Abasova birinci yeri tutub. Xədicə Həsənli ikinci, Nazilə Rəhimova və Nəzrin Mehdiyeva üçüncü yerlə kifayətləniblər.
