Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda sablya və şpaqa növləri üzrə qızlar və oğlanlar arasında fərdi mübarizənin qalibləri müəyyənləşib.
Sablya üzrə qızların yarışında Viktoriya Lazaryeva ölkə çempionu olub. İrina Lobas gümüş, Cahan Sadıxova və Məryəm Mehrəliyeva isə bürünc medal qazanıblar.
Oğlanların sablya yarışında Nəcəf Şabanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. David Damatov ikinci, Sultan Sultanov və İmran Qarayev üçüncü yeri tutublar.
Şpaqa üzrə qızların mübarizəsində Mirnuray Abasova qızıl medala sahib çıxıb. Zülfiyyə Quliyeva gümüş, Jasmin Əliyeva və Zeynəb Novruzova isə bürünc mükafatçı olublar.
Oğlanların şpaqa yarışında Rəhman Məmmədov birinci yeri tutub. Ağamusa Məmmədov gümüş, Bəhram Əliyev və Hacıağa Ağcabəyli isə bürünc medala layiq görülüblər.
Beləliklə, ölkə birinciliyində dörd qızıl, dörd gümüş və səkkiz bürünc medal təqdim olunub.
Yarışın bütün qalib və mükafatçıları diplom və medallarla təltif ediliblər.
