“İlqar Məmmədovun uğuruna hörmətlə yanaşıram, amma öz yolum var” – qılıncoynadan Vahab Fətullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

1 Oktyabr 2026 15:32
117
“İlqar Məmmədovun uğuruna hörmətlə yanaşıram, amma öz yolum var” – qılıncoynadan Vahab Fətullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Budapeştdə keçirilən turnirdə özümü həm fiziki, həm də mənəvi olaraq çox yaxşı hiss edirdim. Yarış zamanı tam olaraq özümə və çıxışıma köklənmişdim. Sanki bütün diqqətim yalnız həmin anın üzərində idi və hər şey planlaşdırdığımız kimi gedirdi”.

Bunu İdman.Biz-ə “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” turnirində 149 idmançı arasında üçüncü yeri tutan qılıncoynatmanın şpaqa növü üzrə millimizin üzvü Vahab Fətullayev deyib.

Fətullayev qeyd edib ki, həmin yarışa uzun müddət ciddi şəkildə hazırlaşırdı və gördüyü işin nəticəsini göstərmək onun üçün önəmlidi.

“Bürünc medal qazandığım üçün çox razıyam. Yarışda çox güclü qılıncoynadanlar və böyük rəqabət var idi. Belə bir mühitdə ən üst sıralarda olmaq mənim üçün həm sevindirici, həm də dəyərli nəticədir”, - deyə o əlavə edib.

İdmançı yüksək rəqabətin onu qorxutmadığını söylədi:

“Mən güclü rəqiblərlə qarşılaşmağı sevirəm. Belə görüşlər insanı öz üzərində daha çox işləməyə və limitlərini aşmağa məcbur edir. Mənim üçün rəqibin kim olması əsas məsələ deyil. Hər görüşdə diqqətimi özümə, öz hazırlığıma və bacardığımın ən yaxşısını ortaya qoymağa yönəldirəm. Əgər məqsədin dünyanın ən yaxşılarından biri olmaqdırsa, qarşına kimin çıxmasından asılı olmayaraq öz işini görməlisən. Bu yanaşmanı qoruyaraq addım-addım daha yüksək səviyyəyə çatmaq istəyirəm”.

Vahab Fətullayev bildirib ki, milli komandanı təmsil etmək onun üçün böyük qürurdur. O, gələcəkdə özünü yığmamızın lideri kimi görüb-görmədiyini də açıqlayıb:

“Düşünürəm ki, insanın özünü “lider” və ya “ən yaxşı” adlandırmasına ehtiyac yoxdur. Məncə, bu xüsusiyyətlər sözlərlə deyil, əməllərlə, ardıcıllıqla və nəticələrlə müəyyən olunur. Özüm haqqında böyük açıqlamalar verməkdənsə, beynəlxalq arenadakı çıxışlarımın və nəticələrimin mənim əvəzimə danışmasına üstünlük verirəm. Hədəflərimi müəyyən etmişəm və onların arxasınca gedirəm. Sonda, ifadə etdiklərimizdən daha vacib, praktiki olaraq əldə edəcəyimiz uğurlardır”.

Qılıncoynadanımızın yanaşması yalnız bir yarışa fokuslanmaqdan deyil, hər gün üzərində işləməkdən, düzgün rejimə riayət etməkdən, intizamlı olmaqdan, düzgün qidalanmaqdan və bərpaya xüsusi diqqət yetirməkdən ibarətdir.

“Hər çıxışımdan nəticə çıxarmağa, səhvlərimi anlamağa və onları daha da inkişaf etmək üçün motivasiyaya çevirməyə çalışıram. Mən daha çox prosesə fokuslanmağa inanıram – sakit şəkildə işləmək, səbirli olmaq hər gün əvvəlkindən daha yaxşı olmağa çalışmaq və özümə inanmaq. Allahın köməyi ilə uğurlu olacağıma inanıram”, - deyə o vurğulayıb.

Olimpiya Oyunları ilə bağlı hədəflərindən danışan idmançı dördilliyin əsas yarışında öz ambisiyalarını nə vaxt reallaşdıra biləcəyi barədə proqnoz vermək istəmədi. “İnanıram ki, zaman hər şeyi göstərəcək. Hazırda heç nəyi açıqlamaq istəmirəm; hər şey Allahın əlindədir və onun iradəsinə bağlıdır”, - deyə o vurğulayıb.

Rapira üzrə olimpiya çempionu, əslən azərbaycanlı İlqar Məmmədovla bağlı suala cavab verərkən idmançı öz uğur hekayəsini yazmaq istədiyini bildirib.

“Bəzi idmançılar mənə ilham verir və onların uğurları məni motivasiya edir. Lakin mənim özümə nümunə seçdiyim konkret idmançı yoxdur. İlqar Məmmədovun uğuruna böyük hörmətlə yanaşıram. Amma, əlbəttə ki, mənim öz yolum var və mən bu yolda səbirli, ardıcıl və intizamlı şəkildə çalışmağa davam edirəm”, – deyə o fikirlərini yekunlaşdırıb.

İdman.Biz