Azərbaycan Dakar-2026 Yeniyetmələrin Olimpiya Oyunlarını altı medalla başa vurdu - YENİLƏNİB

13 Noyabr 2026 15:54
649
Azərbaycan Dakar-2026 Yeniyetmələrin Olimpiya Oyunlarını altı medalla başa vurdu - YENİLƏNİB

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunların sonuncu günündə komandamızın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizəyə qoşulub.

İdmançımız qrup mərhələsində keçirdiyi ilk görüşdə sinqapurlu Auw Eştona məğlub olsa da, sonrakı qarşılaşmalarda türkiyəli Candeniz Berrak, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Hayder Əl-Əsadi və qazaxıstanlı Aibar Kaıym üzərində qələbə qazanıb. Lakin növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan qılıncoynadanımız mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarını üç qızıl və üç gümüş olmaqla, ümumilikdə altı medalla başa vurub.

Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə Oyunların gümüş medalına sahib olublar.

02:03

Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, son yarış günündə Azərbaycan komandasının sonuncu idmançısı Abbas Hüseynov mübarizəyə qoşulacaq.

Təmsilçimiz qılıncoynatmanın sablya növündə qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 13:00-da başlayacaq yarışda onun ilk rəqibi Sinqapur təmsilçisi Aston Ous olacaq.

İdman.Biz