“Məşqçimlə birlikdə məyusuq, çünki çox zəhmət çəkmişdik” - Azərbaycan sablyaçısının İDMAN.BİZ-ə AÇIQLAMASI

6 Avqust 2026 15:28
118
“Məşqçimlə birlikdə məyusuq, çünki çox zəhmət çəkmişdik” - Azərbaycan sablyaçısının İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın qadınlardan ibarət sablya millisi Honq-Konqda keçirilən dünya çempionatına ilk dördlüyə düşmək məqsədi ilə yollansa da, yarışı yalnız 13-cü pillədə başa vurub.

Azərbaycan millisinin üzvü Polina Kasperoviç İdman.Biz-ə açıqlamasında göstərdiyimiz nəticələri şərh edib.

İdmançı bildirib ki, dünya çempionatına hazırlıq prosesi yüksək səviyyədə təşkil olunmuşdu. Lakin nə komanda, nə də özü öz potensialını tam şəkildə ortaya qoya bilib:

“Hazırlıq dövründə çox böyük iş gördük. Hər birimiz maksimum gücümüzü ortaya qoyduq, bacarıqlarımızı və ustalığımızı inkişaf etdirmək üçün əlimizdən gələni etdik. Amma təəssüf ki, qarşımıza qoyduğumuz məqsədə çata bilmədik.

Dünya çempionatındakı şəxsi nəticəmdən də narazıyam. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərdim. Amma püşk məni Olimpiya Oyunlarının hazırkı mükafatçısı Sara Balzerlə qarşılaşdırdı. Onun qılıncoynatma üslubuna vaxtında uyğunlaşa bilmədim. Əlbəttə, məşqçimlə birlikdə çox məyusuq, çünki hazırlıq üçün böyük zəhmət çəkmişdik”.

İlk “8-lik” uğrunda görüşdə Azərbaycan sablyaçıları sonradan dünya çempionu olan Macarıstan millisinə məğlub olublar. Buna baxmayaraq, Kasperoviç hesab edir ki, Azərbaycan yığması ən güclü rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq gücündədir:

“Biz hesab edirik ki, Macarıstandan heç nə ilə geri qalmırıq. Qələbə qazanmaq üçün bütün imkanlarımız var. Amma qılıncoynatma gözlənilməz idman növüdür və döyüşün gedişində vəziyyət tamamilə dəyişə bilər. Nəticəni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”.

Polina Kasperoviçin sözlərinə görə, qadınlardan ibarət millinin əsas məqsədi Olimpiya Oyunlarına lisenziya qazanmaqdır:

“Bizim yalnız bir məqsədimiz var – Olimpiya Oyunlarına vəsiqə qazanmaq və bunun üçün əlimizdən gələni edəcəyik. Komandanın bu hədəfə nə qədər yaxın olduğunu hələ indidən demək çətindir. Çünki olimpiya seçmə mərhələsi yalnız aprel ayında başlayacaq və bir il davam edəcək. Amma biz yalnız müsbət nəticəyə köklənmişik. Komandadakı bütün qızların böyük istəyi və potensialı var, məşqçimizin isə bizi uğura aparacaq bütün biliyi və təcrübəsi mövcuddur. Bizə inanan və dəstək olan Çingiz Mustafayevə, eləcə də hər kəsə təşəkkürümü bildirirəm”.

İdman.Biz