Sablyaçılarımız Dünya Kubokunda mübarizəni başa vurdu - FOTO

16 Noyabr 2026 15:28
39
Sablyaçılarımız Dünya Kubokunda mübarizəni başa vurdu - FOTO

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında 22 komanda arasında 14-cü yeri tutub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından (AQF) bildirilib.

Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət yığma ilk görüşündə Türkiyə seçməsini 45:30 hesabı ilə məğlub edib. Komanda ən güclü səkkizliyə yüksəlmək uğrunda qarşılaşmada ABŞ qılıncoynadanlarına 36:45 hesabı ilə uduzub. 9-16-cı yerlər uğrunda matçlarda Çin kollektivinə 34:45 hesabı ilə məğlub olan idmançılar İspaniya millisini 45:29 hesabı ilə üstələyiblər. Azərbaycan seçməsi komanda yarışındakı son sınağında Ukrayna təmsilçilərinə 36:45 hesabı ilə yenilib.

Fərdi yarışda isə Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni göstərən Anna Başta 180 idmançı arasında 16-cı pillədə qərarlaşıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda Polşa və ABŞ sablyaçılarına qalib gələrək ən güclü 64-lüyə yüksəlib. Burada Macarıstan və Çin idmançılarını mübarizədən kənarlaşdıran qılıncoynadan ən güclü səkkizliyə vəsiqə uğrunda görüşdə Rusiya təmsilçisi Yana Yeqoryana 11:15 hesabı ilə uduzub. Digər Azərbaycan sablyaçılarından Palina Kaspiaroviç ən güclü 32-liyə, Səbinə Kərimova isə 64-lüyə kimi irəliləməyi bacarıb. Zərifə Hüseynova mübarizəni pley-offda dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda altıncı olub.

İdman.Biz