Palina Kaspiaroviç: “Dünya Kubokunda medal qazanmaq böyük mükafatdır”

1 Aprel 2026 14:30
178
Palina Kaspiaroviç: “Dünya Kubokunda medal qazanmaq böyük mükafatdır”

Güclü rəqiblərin mübarizəsində Dünya Kubokunun mərhələ yarışında medal qazanmaq Azərbaycanın qılıncoynadanı Palina Kaspiaroviç üçün böyük mükafatdır.

İdmançı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən turnirdə bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb.

“Çox xoşbəxtəm. Çətin yarış idi. Ciddi rəqabət var idi. Bu səviyyədə güclü rəqiblərin mübarizəsində medal qazanmaq mənim üçün böyük mükafatdır. Dəfələrlə Dünya Kubokunda medalın bir addımlığında dayandığım anlar olub. Lakin ruhdan düşmürdüm və inanırdım ki, alınacaq. Azərbaycan Qılıncoynatma Federasiyasına, məşqçilərimizə və komanda yoldaşlarıma mənə həmişə inandıqlarına görə təşəkkür edirəm”, - deyə o, report.az-a açıqlamasında bildirib.

P.Kaspiaroviç komanda hesabında 10-cu yeri tutmalarına da toxunub:

“Daha yaxşı nəticə göstərə bilərdik. İlk görüşdə - 1/8 finalda uduzduğumuz ABŞ millisi Dünya Kubokunda finala kimi irəlilədi. Bizim üçün gücümüzü yoxlamaq baxımından yaxşı təcrübə oldu. Növbəti yarışlarda daha yüksək sıralarda yer almaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Palina Kaspiaroviç yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib. O, final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.

İdman.Biz