Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun iştirakçısı olub.
Daşkənddə keçirilən Dünya Kuboku mərhələsindən qayıdan Azərbaycan sablyaçıları ilə bağlı milli komandanın baş məşqçisi Çingiz Mustafayev İdman.Biz-ə müsahibəsində yetirmələrinin çıxışını dəyərləndirib.
“Əldə olunan nəticələrdən, şübhəsiz ki, razıyam. Birincisi, nəhayət bürünc medal qazanan Polina Kasperoviç üçün çox sevinirəm. O, uzun müddət podiuma bir addım qalmışdı, daim çox cüzi fərqlə geri qalırdı. Bu, onun belə nüfuzlu yarışlarda ilk uğurudur və əminəm ki, sonuncu olmayacaq.
İkincisi, bu uğur komandadaxili rəqabətin artdığını təsdiqləyir. Sabina Kərimova və çox gənc Zərifə Hüseynova artıq liderimiz Anna Başta səviyyəsinə yaxınlaşırlar.
Üçüncüsü, Anna üçün bu start prinsipial əhəmiyyət daşıyırdı. Ardıcıl iki zədə səbəbindən o, demək olar ki, iki il çıxış etməmişdi. İndi isə yenidən özünəinam qazanması və böyük turnirlərin ab-havasını hiss etməsi vacib idi. Biz risk etməmək qərarına gəldik və Ananı yalnız şəxsi yarışda iştirak etdirdik, komanda mübarizəsindən azad etdik. Amma əsas odur ki, o, yenidən bizimlədir və mübarizəyə hazırdır”, - deyə Çingiz Mustafayev bildirib.
