Perunun paytaxtı Lima şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kuboku yarışına yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimizin üzvləri - Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət komanda 24 ölkə arasında altıncı yeri tutublar.
Millimiz turnirə Kolumbiya üzərində 45:27 hesablı qələbə ilə başlayıb. Daha sonra 1/8 final mərhələsində Yaponiya yığmasını 45:39 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib.
Bürünc medal uğrunda mübarizəyə gedən yolda Azərbaycan komandası yarımfinala vəsiqə üçün Polşa ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib 45:44 hesabı ilə qələbə qazanıb.
5-8-ci yerlər uğrunda görüşlərdə isə millimiz Koreya Respublikasını 45:41 hesabı ilə məğlub edib, İtaliya yığmasına 42:45 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan komandası Dünya Kubokunu altıncı pillədə başa vurub.
