Misli Premyer Liqasının beşinci turunda “Zirə” və “Qarabağ” futbol komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, ilk hissədə hesab açılmayıb.
Dördüncü dəqiqədə Bayere Lue “Zirə”ni önə keçirsə də, VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv edilib.
Hesab yalnız ikinci hissədə açılıb. 56-cı dəqiqədə İssa Cibrila fərqlənərək “Zirə”ni önə keçirib. Bu, onun mövsümdə ikinci qolu olub.
“Qarabağ” isə 65-ci dəqiqədə tarazlığı bərpa edib. Aleksey Kaşuk komandasının cavab qolunu vuraraq hesabı 1:1 edib. Bu qol da futbolçunun mövsümdə ikinci qolu olub.
Qalan dəqiqələrdə tərəflərdən heç biri üstünlük qazana bilməyib və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 10-a çatdıraraq ikinci pillədə qərarlaşıb. Rəqibdən bir oyun çox keçirən “Zirə” də eyni xalla üçüncü pillədədir.
20:25
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk 65-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1. Bu, Kaşukun mövsümdə ikinci qoludur.
20:15
İssa Cibrila 56-cı dəqiqədə bu mövsümdə vurduğu ikinci qolla "Zirə"ni hesabda önə çıxrır - 1:0.
20:01
İdman.Biz xəbər verirki, “Zirə” - “Qarabağ” oyununda ikinci hissə başladı. İlk hissədə hesab açılmayıb.
20:01
Misli Premyer Liqasının beşinci turu çərçivəsində keçirilən “Zirə” - “Qarabağ” oyununda ilk hissə qolsuz başa çatdı.
İdman.Biz xəbər verirki, dördüncü dəqiqədə "Zirə" Bayere Luenin qolu ilə hesabı açsa da, VAR ofsayd səbəbindən qolu ləğv edib
19:05
Bayere Lue dördüncü dəqiqədə "Zirə"ni hesabda önə çıxarsa da, VAR ofsayd səbəbindən qolu ləğv edir. Oyunda hesab 0:0-dır.
18:56
Misli Premyer Liqasının beşinci turu çərçivəsində keçirilən günün ikinci oyunu “Zirə” - “Qarabağ” oyunu başladı.
18:09
Misli Premyer Liqasının beşinci turunda qarşılaşacaq “Zirə” və “Qarabağ” futbol komandalarının ilkin heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
“Zirə”: 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrila, 17. Vierinya, 5. Ange Mutsinzi, 27. Bayere Lue, 16. Ktatau, 33. Mehdi Mişahşah.
Baş məşqçi: Rəşad Sadıqov.
“Qarabağ”: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Baş məşqçi: Qurban Qurbanov.
10:29
Misli Premyer Liqasının beşinci turunun diqqətçəkən görüşlərindən biri bu gün “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək.
İdman.Biz xəbər verir ki, komandalar Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 19:00-da başlayacaq.
Matçı Rəşad Əhmədov idarə edəcək. Baş hakimin köməkçiləri Namiq Hüseynov və Vüsal Məmmədov olacaqlar. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Görüşdə VAR hakimi Rəvan Həmzəzadə, AVAR hakimi Tərlan Talıbzadə olacaq. Hakim-inspektor vəzifəsi Rəhim Həsənova, AFFA nümayəndəsi funksiyası isə Elçin Məmmədova həvalə edilib.
“Zirə” ilə “Qarabağ” Azərbaycan çempionatında indiyədək 42 dəfə qarşılaşıblar. Ağdam təmsilçisi bu oyunların 27-də qələbə qazanıb. “Zirə” iki dəfə rəqibini məğlub edib, 13 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də “Qarabağ”ın üstünlüyü nəzərə çarpır - 85:24.
Son qarşılaşmaların statistikası da “Qarabağ”ın xeyrinədir. Ağdam klubu “Zirə” ilə keçirdiyi son 10 oyunun hər birində rəqib qapısına yol tapıb. Maraqlıdır ki, komandaların Zirədə baş tutan son dörd görüşündə hər iki tərəf qol vurub.
Tərəflərin son dueli 14 mart 2026-cı ildə keçirilib. Həmin matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.
