Vidadi Rzayev “Kəpəz”in yüksəlişindən danışdı

27 Oktyabr 2026 12:59
110
Vidadi Rzayev “Kəpəz”in yüksəlişindən danışdı

“Kəpəz”in bu mövsüm uğurlu çıxışı təsadüfi deyil. Çempionatın ilk turlarında komanda istədiyi oyunu nümayiş etdirə bilmirdi”.

Bu sözləri veteran futbolçu Vidadi Rzayev deyib.

O, “Kəpəz”in bu mövsüm Misli Premyer Liqasındakı çıxışını dəyərləndirib və komandanın nəticələrinin yaxşılaşmasının səbəblərindən danışıb.

“Bunun əsas səbəblərindən biri heyətin yeni formalaşması idi. Futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac var idi. Komanda topladığı xallarla uğurlu nəticələrə layiq olduğunu göstərdi. Bu inkişafda məşqçilər heyətinin də əməyini xüsusi qeyd etmək lazımdır. Onlar futbolçularda döyüşkən ruh yaratmağa, komandanın mübarizə əzmini artırmağa nail olublar. Artıq meydanda sona qədər mübarizə aparan, nəticə qazanmaq üçün bütün gücünü ortaya qoyan kollektiv görürük. Əvvəlki matçlarda “Kəpəz” futbolçularının təxminən 70-ci dəqiqədən sonra yorulduğu, fiziki baxımdan çətinlik çəkdiyi hiss olunurdu. Bu da komandanın nəticələrinə təsir göstərirdi. Lakin son turlarda problemin aradan qalxdığı müşahidə olunur. Futbolçular qarşılaşmanın son dəqiqələrində də mübarizəni davam etdirir, intizamlı futbol nümayiş etdirirlər. Bu sabitliyi qoruyub saxlamaq və hər növbəti matçda daha yaxşı çıxış etmək lazımdır”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında səkkiz turdan sonra 14 xalla altıncı pillədə qərarlaşıb.

İdman.Biz