Londonda tarixdə ilk dəfə keçirilən “Qızıl top” mükafatlandırma mərasimi təkcə Harri Keynin qələbəsi ilə deyil, gözlənilməz hadisələrlə də diqqət çəkib. Avtomobil tıxacları tədbirin 45 dəqiqə gec başlamasına səbəb olub, mükafatın rəsmi saytı əvvəlcədən üç fərqli qalibin adını açıqlayıb, azarkeşlər isə qırmızı xalçanın qarşısındakı təhlükəsizlik sədlərini aşmağa çalışıblar.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, təşkilatçılar mərasimin başlanmasını iki dəfə təxirə salmalı olublar. Əvvəlcə tədbir yarım saat, daha sonra isə əlavə 15 dəqiqə gecikdirilib. Buna Londonun mərkəzində yaranan avtomobil tıxacları səbəb olub. Nəticədə bəzi dəvətlilər “Palladium” teatrına vaxtında çata bilməyiblər.
2024-cü ilin “Qızıl top” mükafatının sahibi Rodri də vəziyyətə münasibət bildirib. İspaniyalı futbolçu DAZN-a açıqlamasında “London başdan-başa tıxacdır!” deyə qeyd edib.

Lakin nəqliyyat problemləri gecənin yeganə sürprizi olmayıb. Mərasimdən bir neçə saat əvvəl “Qızıl top”un rəsmi saytında üç fərqli qalibin adının yer aldığı məqalələr dərc edilib. Həmin yazılarda əsas mükafatın sahibi kimi növbə ilə Harri Keyn, Kilian Mbappe və Lamin Yamal göstərilib.
“TNT Sports”un məlumatına görə, məqalələr qısa müddət sonra silinib. Ancaq istifadəçilər onların ekran görüntülərini saxlamağa imkan tapıblar. Beləliklə, qalibin vaxtından əvvəl açıqlanması əvəzinə daha böyük intriqa yaranıb. Çünki rəsmi materiallarda eyni mükafatın sahibi kimi üç fərqli futbolçu təqdim olunub.



Bu vaxt teatrın qarşısında da vəziyyət gərginləşib. “The Standard” nəşrinin məlumatına görə, onlarla azarkeş qırmızı xalçada görünən ulduz futbolçulara yaxınlaşmaq üçün təhlükəsizlik sədlərini aşmağa çalışıb. Asayişin bərpası üçün polis müdaxilə etməli olub.



Bütün bunlar “Qızıl top”un 70-ci yubiley mərasimində yaşanıb. Tədbir tarixi hadisənin şərəfinə ilk dəfə Parisdən Londona köçürülüb. Belə ki, 1956-cı ildə mükafatın ilk sahibi ingiltərəli Stenli Metyuz olub.
Qarışıq başlanğıca baxmayaraq, gecə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Əsas mükafatı Almaniyanın “Bavariya” komandasının və İngiltərə millisinin hücumçusu Harri Keyn qazanıb. O, son 25 ildə “Qızıl top”a sahib çıxan ilk ingiltərəli futbolçu olub.
Səsvermədə Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü yeri tutub.
