Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə ikinci olub

Xəbərlər
30 Oktyabr 2023 08:56
271
Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə ikinci olub

Azərbaycanın yeniyetmə qılıncoynadanları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə sablya növü üzrə 18 komanda arasında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət yığma ilk görüşdə Almaniyaya 45:28 hesabı ilə qalib gələrək ən güclü səkkizliyə vəsiqə qazanıb.

Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən millilərin də yarışdığı turnirdə komandamız finala gedən yolda Türkiyənin üçüncü və Gürcüstan ilə Fransa sablyaçıların birgə təmsil olunduğu komandalara müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə qalib gələrək finala yüksəlib.

Qılıncoynadanlarımız həlledici görüşdə “ay-ulduzlular”a 30:45 hesabı ilə uduzub.

Qız sablyaçıların komanda yarışında Fərəh Abbasova, Təranə Məmmədli, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət birinci komandamız ilk görüşündə Türkiyənin beşinci komandasına 45:21 hesabı ilə qalib gəlsə də, yarımfinala yüksəlmək uğrunda qardaş ölkənin ikinci komandası ilə keçirilən gərgin görüşdə 44:45 hesabı ilə uduzub.

Sablyaçı qızların komanda yarışında Leyla Əhmədova, Fatimə Kərimova, Cahan Sadıxova və Gülarə Tağızadədən ibarət digər kollektiv isə ilk görüşdə turnirin qalibi Böyük Britaniya yığmasına 21:45 hesabı ilə məğlub olub.

İdman.biz