ÇL: “Bavariya” “Budo-Qlimt”i darmadağın etdi, “Sabah”ın rəqibi son dəqiqə qolları ilə yıxıldı - YENİLƏNİB + VİDEO

11 Sentyabr 2026 00:58
1 181
ÇL: “Bavariya”  “Budo-Qlimt”i darmadağın etdi, “Sabah”ın rəqibi son dəqiqə qolları ilə yıxıldı

​Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində birinci turun daha üç oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah”ın turnirdə rəqiblərindən biri olan “Slaviya” Praqada “Lans”ı qəbul edib.

Meydan sahibləri oyunda dramatik şəkildə məğlub olublar.

“Slaviya” – “Lans” – 2:3

Bütün əsas hadisələr oyunun ikinci hissəsində cərəyan edib. Artıq 49-cu dəqiqədə “Slaviya”nın heyətində meydana əvəzetmədən daxil olan Mikulaş Konecni qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bir neçə dəqiqə sonra, 53-cü dəqiqədə Daniel Şturm meydan sahiblərini hesabda önə çıxarıb. 73-cü dəqiqədə Abdalla Sima hesabı bərabərləşdirib (1:1). Matçın sonuna yaxın, 88-ci dəqiqədə Daniel Şturm yenidən fərqlənərək dubla imza atıb və çexləri yenidən önə keçirib. Lakin matçın əlavə olunmuş dəqiqələrində “Lans” əsl xarakter nümayiş etdirib: 90+1-ci dəqiqədə Florian Toven tarazlığı bərpa edib, 90+4-cü dəqiqədə isə Ruben Aqilar fransız komandasına qələbə qazandıran qolun müəllifi olub.

“Slaviya” növbəti oyununu oktyabrın 13-də səfərdə Azərbaycan təmsilçisi “Sabah”a qarşı keçirəcək.

“Bavariya” isə doğma meydanda “Budö-Qlimt”i darmadağın edib. “Alyans Arena”da keçirilən qarşılaşma Almaniya çempionunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci hissə qolsuz bərabərliklə başa çatsa da, norveçlilər bu yarıda əsas qapıçı Nikita Xaykini zədə səbəbindən itiriblər. İkinci hissə Camal Musialanın qolu ilə başlayıb. Ardınca Harri Keyn, Alfonso Devis və dubla imza atan Maykl Olise fərqləniblər. Qonaqlar matçı azlıqda başa vurublar – Odin Byortuft qırmızı vərəqə alaraq meydançadan qovulub.

“Komo” debüt matçında “RB Leyptsiq” üzərində parlaq qələbə qazanıb. Oyun İtaliya təmsilçisinin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Komo”nun heyətində yarımmüdafiəçilər Martin Baturina və Maksimo Perrone, həmçinin hücumçular Anastasios Duvikas və Assane Diao qollarla yadda qalıblar. “RB Leyptsiq”in yeganə topuna isə yarımmüdafiəçi Andriya Maksimoviç imza atıb.

İlk dəfə Çempionlar Liqasında mübarizə aparan “Komo” ümumi mərhələnin ikinci turunda, oktyabrın 14-də səfərdə “Feyenoord”la qarşılaşacaq. “RB Leyptsiq” isə oktyabrın 13-də evdə PSV-ni qəbul edəcək.

22:38

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində birinci turun daha iki oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” İtaliyanın “Roma” klubunu qəbul edib.

İstanbulda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Birinci hissənin sonunda "canavarlar"ın yarımmüdafiəçisi Brayan Kristante hesabı açıb. 48-ci dəqiqədə "Fənərbağça"nın müdafiəçisi Arçi Braun tarazlığı bərpa edib.

“Fənərbaxça” – “Roma” – 1:1

Turnirin ikinci turunda “Fənərbağça” oktyabrın 14-də “Aston Villa” ilə, “Roma” isə eyni gün “Real”la qarşılaşacaq.

Turun digər matçında PSV və “Şaxtyor” qarşılaşıb. Endhovendəki “Filips” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. 45-ci dəqiqədə “Şaxtyor”un venesuelalı yarımmüdafiəçisi Qleyker Mendosa hesabı açıb. PSV-nin müdafiəçisi Serjino Dest isə 48-ci dəqiqədə bərabərliyi təmin edib.

PSV – “Şaxtyor” – 1:1

Ümumi mərhələnin ikinci turunda PSV səfərdə “RB Leyptsiq”lə, “Şaxtyor” isə AEK-lə qarşılaşacaq.

09:27

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində birinci tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, üçüncü oyun günündə son olaraq daha altı matç keçiriləcək.

Türkiyə təmsilçilərindən “Fənərbağça” İstanbulda İtaliyanın “Roma” klubunu qəbul edəcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələsi, birinci tur

10 sentyabr
20:45 “Fənərbağça” (Türkiyə) - “Roma” (İtaliya)
20:45 PSV (Niderland) - “Şaxtyor” (Ukrayna)
23:00 “Bavariya” (Almaniya) - “Budo-Qlimt” (Norveç)
23:00 “Komo” (İtaliya) - “Leyptsiq” (Almaniya)
23:00 “Mançester Yunayted” - “Sabah” (Azərbaycan)
23:00 “Slaviya” (Çexiya) - “Lans” (Fransa)

İdman.Biz