Coş Barnett: “Cəmi üç ildir velosiped idmanı ilə məşğulam”

14 May 2026 14:26
399
Coş Barnett: “Cəmi üç ildir velosiped idmanı ilə məşğulam”

“Son 50 kilometrdə yolun yoxuşlu olması yarışı daha da ağırlaşdırdı”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Bakı-Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsinin qalibi olan İspaniyanın “Burqos” komandasının üzvü Coş Barnett jurnalistlərə açıqlamasında deyib.

Yeni zelandiyalı velosipedçi Tərtərdən Xankəndiyə qədər 181,5 kilometr məsafəni ən yaxşı nəticə ilə başa vurduğunu və yarışdan məmnun qaldığını bildirib.

O, komanda olaraq yaxşı hazırlaşdıqlarını vurğulayıb və mərhələnin xüsusilə son 50 kilometrinin çətin keçdiyini qeyd edib:

“Komanda yoldaşlarımızla birlikdə taktiki şəkildə hərəkət etdik, bir-birimizi irəli çıxarmağa çalışdıq və bu planımız uğurlu oldu. Qələbədə bütün komanda üzvlərinin böyük payı var”.

Velosipedçi həmçinin bu qələbənin onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib:

“Cəmi üç ildir velosiped idmanı ilə məşğulam və bu, peşəkar səviyyədə ilk qələbəmdir. Bu yarış mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq”.

Qeyd edək ki, veloyürüşün Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) - Naftalan marşrutu üzrə dördüncü mərhələsinin qalibi İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının 25 yaşlı velosipedçisi Marco Manenti olub. Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Araz Xəlilli

İdman.Biz