“Bekhem” və “Ronaldo” Birlik Oyunlarında yarışacaq - FOTO

23 İyul 2026 19:17
93
“Bekhem” və “Ronaldo” Birlik Oyunlarında yarışacaq

Hindistan velosiped yığmasının iki üzvü, adlarını futbol əfsanələri Devid Bekhem və Ronaldodan alan Ronaldo Laitonjam Sinqh və Devid Bekhem Elkatohçonqo Qlazqoda keçiriləcək Birlik Oyunlarında ölkələrinin əsas medal ümidlərindən olacaqlar.

İdman.Biz "Telegraph" nəşrinə istinadən xəbər verir ki, onların adları elan ediləndə azarkeşlər məşhur futbolçuları gözləsələr də, qarşılarına Hindistanın trek velosipedçiləri çıxacaq.

Ronaldo Sinqh Hindistanın futbol ənənələri ilə tanınan Manipur bölgəsində böyüyüb. O, adını nə portuqaliyalı Kriştiano Ronaldodan, nə də braziliyalı hücumçudan alıb. Velosipedçinin adı 2002-ci il dünya çempionatında Braziliyanın heyətində çıxış edən Ronaldinyonun şərəfinə qoyulub.

Sinqhin atası Braziliyanın İngiltərə üzərində qələbə qazandığı həmin oyunu izləyərkən oğlunun dünyaya gəlməsi xəbərini alıb. Ronaldinyonun ləqəbi də “kiçik Ronaldo” mənasını verdiyi üçün bu ad ailə üçün xüsusi olub.

Devid Bekhem Elkatohçonq isə adını İngiltərə və “Mançester Yunayted” əfsanəsi Devid Bekhemdən alıb. Onun atası futbol həvəskarı olub və oğluna məşhur futbolçunun adını verib.

“Adım mənim üçün bir nemətdir. Devid Bekhem bütün dünyada tanınır. Amma pasportumu göstərməyənə qədər heç kim mənə inanmır”, – deyə hindistanlı velosipedçi bildirib.

Ronaldo Sinqh kişilər arasında 1000 metr məsafəyə fərdi yürüşdə, Bekhem Elkatohçonqo isə trek velosipedinin digər növlərində mübarizə aparacaq.

Qeyd edək ki, 2026-cı il Birlik Oyunları Qlazqoda keçiriləcək və yarış əvvəlki illərlə müqayisədə daha az idman növü və iştirakçı ilə təşkil olunacaq.

İdman.Biz