Azərbaycan millisi Almaniyada keçiriləcək qitə birinciliyində 7 velosipedçi ilə təmsil olunacaq.
İdman.Biz xəbər verir ki, iyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər və U23 yaş kateqoriyaları arasında Avropa çempionatı keçiriləcək.
Altı gün davam edəcək yarışda Azərbaycan yığması baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında çıxış edəcək. Komandamızın heyətində yeddi velosipedçi medallar uğrunda mübarizə aparacaq.

Diqqətçəkən məqam Azərbaycanın ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.
U23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanların mübarizəsində isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov yarışacaqlar.
