UCI: “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı böyük potensiala malikdir”

2 İyul 2026 16:02
101
UCI: “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı böyük potensiala malikdir”

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının keçirilməsi ilə bağlı yekun qiymətləndirmə hesabatını təqdim edib.

İdman.Biz xəbər verir ki, bu barədə Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Bildirilib ki, hesabatda yarış "gələcək üçün böyük potensiala malik, yaxşı təşkil olunmuş tədbir" kimi dəyərləndirilib. UCI müxtəlif istiqamətlər üzrə təşkilatçılığı yüksək qiymətləndirib.

Təhlükəsizlik sahəsində qeyd olunub ki, yarış boyunca təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib, polis və tibb xidmətləri peşəkar fəaliyyət göstəriblər.

Tamaşaçı marağı və marşrutla bağlı hissədə yarışa böyük marağın olduğu, marşrutun və məsafələrin uğurlu seçildiyi, əlverişli hava şəraiti və mənzərəli ərazilərin yarışın cəlbediciliyini artırdığı vurğulanıb.

Komandaların yerləşdirilməsi üzrə qiymətləndirmədə iştirakçıların yerləşdirmə, qidalanma və yaradılan şəraitdən razı qaldıqları, təşkilatçılığın yüksək səviyyədə olduğu bildirilib.

Televiziya yayımı ilə bağlı hesabatda peşəkar, təcrübəli və yaxşı təchiz olunmuş heyətin fəaliyyət göstərdiyi, yayımın qənaətbəxş səviyyədə həyata keçirildiyi qeyd olunub.

Təşkilatçılıq bölməsində isə ümumilikdə bütün aspektlər üzrə işin yaxşı səviyyədə təşkil olunduğu, bununla yanaşı, bəzi məqamların gələcək yarışlarda daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Qeyd edək ki, mayın 10–14-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışında dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda mübarizə aparıb. İştirakçılar arasında 1 Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda yer alıb.

Velosipedçilər mayın 10-da Bakıda "Sea Breeze Resort"dan start götürərək beş gün ərzində paytaxtla yanaşı, Azərbaycanın daha 20 şəhər və rayonundan keçməklə 850 kilometrdən artıq məsafə qət ediblər. Yarış mayın 14-də Xankəndidə başa çatıb.

Yarışın bütün mərhələləri "Eurosport" və "CBC Sport" telekanalları vasitəsilə canlı yayımlanıb.

İdman.Biz