Nicat Məmmədov: “Dünya Kubokunda rəqabət kifayət qədər yüksək olacaq”

11 İyun 2026 13:39
114
Nicat Məmmədov: “Dünya Kubokunda rəqabət kifayət qədər yüksək olacaq”

“8, 10 və 12 yaşadək şahmatçılar arasında Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Kuboku yeni formatda təşkil ediləcək və rəqabət kifayət qədər yüksək olacaq”.

Bunu yeniyetmə və gənc şahmatçılardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nicat Məmmədov bildirib.

“Dünya Kuboku yeni formatda təşkil olunur və rəqabətin kifayət qədər yüksək olacağını gözləyirik. Nəzərə almaq lazımdır ki, dünya səviyyəsində rəqabət Avropa çempionatından daha güclü olur. Burada təkcə Avropanın deyil, Asiya, Amerika və digər qitələrin ən güclü şahmatçıları iştirak edirlər. Komandamızın bütün üzvləri Azərbaycan çempionlarıdır və məqsədimiz uğurlu çıxış edərək final mərhələsinə vəsiqə qazanmaqdır”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

N.Məmmədov əsas ümidlərinin Mehriban Əhmədli və Nurlan Qənizadə olduğunu sözlərinə əlavə edib:

“Mehriban ötən il Avropa çempionatının medalçısı olub və beynəlxalq yarışlarda özünü təsdiqləyib. Nurlan isə son dövrlərdə sürətli inkişafı ilə diqqəti cəlb edir və böyük potensiala malikdir. Bununla yanaşı, digər təmsilçilərimizin də uğurlu nəticələr göstərəcəklərinə ümid edirik. Bu yaş qruplarında sürpriz nəticələrə tez-tez rast gəlinir və komandamızın hər bir üzvü potensialını nümayiş etdirmək imkanına malikdir”.

Xatırladaq ki, iyunun 15-dən 28-dək təşkil olunacaq turnirdə Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.

İdman.Biz