Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Avropa Birliyinin (AB) ona qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən müvəqqəti istefa verdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, Vişvanatan Anand təşkilatın müvəqqəti rəhbəri vəzifəsini icra edəcək.
"Bu gün Avropa Birliyinin mənim adımı 21-ci sanksiya siyahısına daxil etmək qərarı dərc olundu. Bu qərarı qanunsuz və ədalətsiz hesab etdiyimi və dərhal bütün mümkün vasitələrlə etiraz edəcəyimi bildirmək istəyirəm. Ədalətin qalib gələcəyinə əminəm.
Lakin, rəsmi məhkəmə qərarı verilənə və/və ya qərar ləğv edilənə və ya dəyişdirilənə qədər bu sanksiyaların FIDE-nin sabit fəaliyyətinə mane ola biləcəyini nəzərə alaraq, Aİ və İsveçrə qanunlarına və qaydalarına uyğun olaraq sanksiyalara məruz qaldığım müddətcə FIDE prezidenti kimi səlahiyyətlərimi və vəzifələrimi dərhal dayandırmaq qərarına gəldim. FİDE Nizamnaməsinə uyğun olaraq, 15-ci Dünya Çempionu, FIDE vitse-prezidenti Vişvanatan Anand prezident vəzifəsini icra edəcək.
Vurğulamaq istəyirəm ki, FIDE Şurasına inanıram və əminəm ki, Şura və FIDE Administrasiyası bütün çətinliklərin öhdəsindən gələcək və FIDE-nin, onun tədbirlərinin və sosial proqramlarının davamlı fəaliyyətini təmin etmək üçün əlindən gələni edəcək", - Dvorkoviç FIDE-nin saytında dərc olunmuş açıqlamada bildirib.
