“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Qrupunda doqquz oyundan səkkiz xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə yeddi xalı olan Vüqar Manafovla Xəzər Babazadə iki-üçüncü yerləri bölüşdürüblər.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.
Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Vugar Gashimov Open” olacaq.
