Aydın Süleymanlı Biel festivalında finala yüksəldi - YENİLƏNİB + FOTO/VİDEO

19 İyul 2026 20:13
487
Aydın Süleymanlı Biel festivalında finala yüksəldi - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan şahmatçısı Aydın Süleymanlı İsveçrədə keçirilən 59-cu Biel Beynəlxalq Şahmat Festivalının “Masters” triatlonunda final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, qrossmeyster təsnifat mərhələsini 21 xalla ikinci pillədə başa vurub. Aydın yalnız 25 xal toplayan ABŞ təmsiliçsi Levon Aronyandan geri qalıb. Yağız Kaan Erdoğmuş və Le Kuanq Liem isə hərəyə 19,5 xalla ilk dördlükdə yer alıblar.

Süleymanlı təsnifatın sonuncu hissəsi olan blits yarışında 10 görüş keçirib. O, üç qələbə qazanıb, dörd dəfə heç-heçə edib və üç qarşılaşmada məğlub olub. Beş xal toplayan Azərbaycan təmsilçisi blits mərhələsinin ayrıca sıralamasında üçüncü yeri tutub. Blits yarışının qalibi 8,5 xalla Aronyan olub, Erdoğmuş isə 6,5 xalla ikinci pillədə qərarlaşıb.

Aydın blitsin ikinci turunda Erdoğmuşla qarşılaşıb. Türkiyə şahmatçısı görüşün gedişində aşkar üstünlük qazansa da, Süleymanlının at fiquru ilə yaratdığı taktiki imkanlar ona məğlubiyyətdən xilas olmağa kömək edib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

Qrossmeysterimiz blits mərhələsində Xose Eduardo Martines Alkantaranı iki, Le Kuanq Liemi isə bir dəfə məğlub edib. O, Erdoğmuş, Mattias Blübaum və Le Kuanq Liemlə heç-heçə edib.

Reqlamentə əsasən, təsnifat mərhələsinin ilk dörd iştirakçısı klassik şahmat üzrə keçiriləcək finala yüksəlir. Toplanılan xallar final mərhələsində də saxlanılır. Həlledici görüşlər 21-23 iyulda təşkil olunacaq.

Beləliklə, Aydın blits yarışını üçüncü yerdə, rapid, klassik və blits nəticələrinin cəmləndiyi ümumi təsnifat mərhələsini isə ikinci pillədə başa vurub.

11:43

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Biel Beynəlxalq Şahmat Festivalının “Masters Triathlon” yarışında ABŞ təmsilçisi Levon Aronyana yaxınlaşıb.

İdman.Biz xəbər verir ki, qrossmeyster beşinci turda vyetnamlı Le Kuanq Liem üzərində mühüm qələbə qazanıb. Bu nəticədən sonra klassik mərhələyə yekun vurulub.

Rapid və klassik yarışların nəticələrinin cəminə əsasən, Levon Aronyan 16,5 xalla turnir cədvəlinə başçılıq edir. Aydın Süleymanlı 16 xalla ikinci pillədə qərarlaşıb və liderdən cəmi yarım xal geri qalır.

Le Kuanq Liem 15 xalla üçüncü sıraya enib. Türkiyəli Yağız Kaan Erdoğmuş isə klassik mərhələnin son turunda qazandığı qələbədən sonra 13 xalla dördüncü yerə yüksəlib.

Almaniyalı Mattias Blyubaum 10 xalla beşinci, meksikalı Xose Martinez 8,5 xalla altıncı pillədədir.

“Generations Challenge Triathlon” yarışında isə çexiyalı Vatslav Finek 20,5 xalla inamlı liderliyini davam etdirir.

Fransalı Marko Materiya və çinli Syao Tonq 17 xalla ikinci yeri bölüşürlər. ABŞ-li Karissa Yip və İsveçrəni təmsil edən Aleksandra Kostenyuk 10 xal toplayıblar. Hindistanlı Vayşali Rameşbabu isə 6,5 xalla altıncıdır.

Turnirin rapid və klassik hissəsindən sonra bütün iştirakçıların blits göstəricisi sıfırdır. Yekun sıralamanın müəyyənləşəcəyi blits mərhələsində vəziyyət tamamilə dəyişə bilər.

İdman.Biz