Aydın Süleymanlı İsveçrədə şahmat triatlonunun liderləri üçlüyündədir – İDMAN.BİZ-in İCMALI

16 İyul 2026 12:08
153
Aydın Süleymanlı İsveçrədə şahmat triatlonunun liderləri üçlüyündədir – İDMAN.BİZ-in İCMALI

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı İsveçrənin Bil şəhərində keçirilən “Grandmaster Triathlon” şahmat festivalının liderləri üçlüyündə yer alır.

İdman.biz xəbər verir ki, festivalın əsas turniri iştirakçıların rapid, klassik vaxt nəzarəti ilə şahmat və blits oynadığı üç növdən ibarətdir. Artıq başa çatan rapid turnirində şahmatçılar qələbəyə görə iki, heç-heçəyə görə bir, məğlubiyyətə görə isə sıfır xal əldə ediblər. Hazırda davam edən klassik vaxt nəzarətli turnirdə qələbəyə görə dörd, heç-heçəyə görə 1,5, məğlubiyyətə görə isə sıfır xal verilir. Sonda keçiriləcək blits turnirində isə qələbə bir, heç-heçə 0,5, məğlubiyyət sıfır xalla qiymətləndiriləcək. Festivalın qalibi hər üç turnirdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.

Rapid və klassik şahmatın ilk iki turundan sonra Aydın Süleymanlı doqquz xalla üçüncü yerdədir. Vyetnamlı Le Kuanq Liemlə ABŞ-ni təmsil edən Levon Aronyan hərəyə 12 xalla ilk iki pilləni bölüşürlər.

Hazırda klassik vaxt nəzarətli turnirdə iki partiya keçirilib. Azərbaycanlı şahmatçı hər iki görüşdə - Levon Aronyan və Xose Martineslə (Meksika) heç-heçə edib. Süleymanlı klassik turnirdə üç xal toplayaraq ikinci yeri tutur və ilk iki partiyanın hər ikisində qalib gələn, beş xal toplamış Le Kuanq Liemdən geri qalır.

Xatırladaq ki, Azərbaycan təmsilçisi bu festival çərçivəsində keçirilən rapid turnirində ikinci yeri tutub. Blits turniri festivalın son yarış günündə keçiriləcək.

İdman.Biz