Azərbaycan şahmatçıları üçün yeni reallıq: FIDE Dünya Kubokunun formatını dəyişdi - İDMAN.BİZ-in İCMALI

14 İyul 2026 11:40
94
Azərbaycan şahmatçıları üçün yeni reallıq: FIDE Dünya Kubokunun formatını dəyişdi - İDMAN.BİZ-in İCMALI

Azərbaycan şahmatçıları 2027-ci il Dünya Kubokunu tamamilə yeni reallıqda qarşılayacaqlar. Beynəlxalq Şahmat Federasiyası (FIDE) turnirin yalnız pley-off sistemi üzrə keçirilməsindən imtina edərək, həm açıq, həm də qadınlar arasında yarışları İsveçrə sistemi üzrə seçmə mərhələsi və klassik pley-off mərhələsinə bölüb.

İdman.Biz xəbər verir ki, islahat növbəti Dünya Kubokuna vəsiqəni artıq təmin etmiş Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlıya birbaşa təsir edəcək.

Belə ki, 2027-ci il açıq Dünya Kubokunda 224 şahmatçı çıxış edəcək. Bu, əvvəlki turnirlə müqayisədə 18 nəfər çoxdur. Birinci mərhələdə iştirakçılar güc səviyyəsinə görə təxminən bərabər olan dörd qrupa bölünəcəklər. Hər qrupda 56 şahmatçı yer alacaq və onlar ayrıca İsveçrə sistemi üzrə yarışacaqlar. Hər bir iştirakçı beş gün ərzində doqquz partiya keçirəcək. Vaxt nəzarəti partiyanın sonunadək 45 dəqiqə və hər gedişə görə 30 saniyə əlavə olunması ilə müəyyənləşəcək.

Hər qrupun ən yaxşı dörd şahmatçısı - ümumilikdə 16 iştirakçı 1/8 finala yüksələcək. Deməli, Azərbaycan şahmatçıları 56 rəqib arasında ilk dördlüyə düşməlidirlər. Bu isə qrup iştirakçılarının cəmi 7,14 faizini təşkil edir.

Qadınlar arasında Dünya Kubokunda da ciddi dəyişikliklər edilib. İştirakçıların sayı 103-dən 128-ə çatdırılacaq. Onlar hərəsində 64 şahmatçı olmaqla iki qrupa bölünəcəklər. Qadınlar da beş gün ərzində doqquz tur keçirəcəklər. Vaxt nəzarəti açıq turnirdə olduğu kimi, 45 dəqiqə və hər gedişə görə 30 saniyə əlavə edilməsindən ibarət olacaq. Hər qrupdan səkkiz ən yaxşı şahmatçı pley-off mərhələsinə vəsiqə qazanacaq. Beləliklə, mübarizəni 16 şahmatçı davam etdirəcək və növbəti mərhələyə yüksələnlərin payı hər qrup üzrə 12,5 faiz təşkil edəcək.

Hər iki yarış əvvəlki 27 gün əvəzinə 19 gün davam edəcək. Açıq və qadınlar arasında Dünya Kuboklarının ümumi mükafat fondu isə 2,67 milyon dollardan 3,3 milyon dollara yüksələcək.

Qeyd edək ki, yeni format Azərbaycan şahmatçılarına səhvlərini düzəltmək üçün daha çox imkan yaradır. Əvvəllər iki klassik partiyadan birində məğlubiyyət faktiki olaraq bütün qarşıdurmanın taleyini həll edə bilirdi. İndi isə bir turdakı uğursuzluq dərhal turnirlə vidalaşmaq anlamına gəlməyəcək.

Hər bir iştirakçıya doqquz partiya zəmanət verilsə də, sabit nəticə göstərməyin əhəmiyyəti daha da artacaq. Açıq turnirdə ilk dördlüyə düşmək üçün bir neçə parlaq qələbə kifayət etməyəcək. Uzunmüddətli enişlərə yol vermədən demək olar ki, hər turda xal toplamaq lazım gələcək.

Qadınlar arasında Dünya Kubokunda keçid həddi bir qədər geniş olacaq – 64 iştirakçıdan səkkizi pley-offa yüksələcək. Lakin burada da hər itirilən xal həlledici rol oynaya bilər.

Püşkatma, ağ və qara fiqurlarla keçirilən partiyaların balansı, eləcə də əlavə göstəricilər xüsusi əhəmiyyət kəsb edə bilər. Şahmatçı pley-off zonasındakı iştirakçı ilə eyni sayda xal toplasa belə, daha zəif əlavə əmsallara görə növbəti mərhələdən kənarda qala bilər.

Bundan başqa, beş gün ərzində doqquz partiya ciddi fiziki yük yaradacaq. Təqvimə əsasən, dörd oyun günündə şahmatçılar iki görüş keçirəcəklər. İkinci partiyaya hazırlıq, bərpa prosesi və yüksək konsentrasiyanın qorunması debüt repertuarı qədər vacib olacaq.

1/8 finaldan etibarən həm açıq, həm də qadınlar arasında Dünya Kuboku yenidən ənənəvi pley-off formatına qayıdacaq. Dörddəbir final, yarımfinal və final mərhələləri də klassik nokaut sistemi üzrə keçiriləcək.

FIDE bildirib ki, bu mərhələdə Dünya Kubokunun hazırkı klassik formatı saxlanılacaq. Hər cütlük iki klassik partiya keçirəcək, hesab bərabər olarsa, qalib sürətli şahmat üzrə tay-brekdə müəyyənləşəcək.

Lakin 2027-ci il Dünya Kubokunun ətraflı reqlamenti, o cümlədən tay-brekdə vaxt nəzarətinin dəqiq ardıcıllığı və pley-off cədvəlinin necə formalaşdırılacağı hələ açıqlanmayıb. Əlavə edək ki, İsveçrə sistemi üzrə mərhələ ilə 1/8 final arasında bir istirahət günü nəzərdə tutulub, pley-off zamanı isə daha iki istirahət günü olacaq.

Beləliklə, gələcək çempionlar tamamilə fərqli iki sınaqdan keçməli olacaqlar. Əvvəlcə qısa və sıx qrafikli İsveçrə sistemi üzrə turnirdə uğur qazanmaq, sonra isə konkret rəqibə uyğun hazırlıq tələb edən matç strategiyasına keçmək lazım gələcək.

Qeyd edək ki, Dünya Kuboku Azərbaycan şahmatı üçün xüsusi əhəmiyyət daşıyır. Bakı FIDE-nin əsas fərdi yarışlarından birinə iki dəfə – 2015 və 2023-cü illərdə ev sahibliyi edib.

Bundan başqa, Teymur Rəcəbov 2019-cu ildə Xantı-Mansiyskdə keçirilən Dünya Kubokunun qalibi olub. Azərbaycanlı qrossmeyster finalda çinli Din Lijenə qalib gəlib.

Yadda qalan digər uğur isə 2023-cü ildə Bakıda keçirilən Dünya Kubokunda Nicat Abasovun çıxışı olub. Azərbaycan şahmatçısı sensasiyalı şəkildə yarımfinala yüksələrək dördüncü yeri tutub. Bakıdakı Dünya Kubokunun qalibi olan Maqnus Karlsen dünya çempionluğu silsiləsində iştirakdan imtina etdikdən sonra Abasov 2024-cü il Namizədlər Turnirinə vəsiqə qazanıb.

Hazırda Azərbaycanın 2027-ci il açıq Dünya Kubokuna üç təsdiqlənmiş vəsiqəsi var.

Abasov, Süleymanlı və Muradlı bu hüququ 2026-cı ildə Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında qazanıblar. Hər üçü 11 mümkün xaldan 8,5 xal toplayaraq ikinci-dördüncü yerləri tutublar. Süleymanlı gümüş medal qazanıb, Abasov bürünc mükafatçı olub, Muradlı isə onların ardınca qərarlaşıb.

Böyük ehtimalla bu üçlüyə Şəhriyar Məmmədyarov da qoşulacaq. FİDE-nin iyul reytinqində Azərbaycan millisinin liderinin hesabında 2723 xal var və o, ölkənin bir nömrəli şahmatçısı olaraq qalır. Hazırkı mövqeyini qoruyacağı və yekun reqlamentdə reytinq kvotası saxlanılacağı təqdirdə, Məmmədyarovun Dünya Kubokunun iştirakçıları sırasında yer alacağı demək olar ki, qətidir. Lakin onun vəsiqəsi hələ rəsmi şəkildə təsdiqlənməyib.

Azərbaycanın turnirdəki təmsilçilərinin sayı digər seçmə yolları hesabına da arta bilər. Bununla belə, Azərbaycan şahmatçı qadınları hələlik 2027-ci il Dünya Kubokuna vəsiqə qazanmayıblar.

Yeri gəlmişkən, FIDE-nin qərarı tanınmış qrossmeysterlər arasında birmənalı qarşılanmayıb.

Məsələn, amerikalı Hans Niman islahatı dəstəkləyib və xüsusilə 45 dəqiqə + 30 saniyə vaxt nəzarətini yüksək qiymətləndirib. Onun fikrincə, sürətləndirilmiş klassik şahmatın tətbiqi bu idman növünün inkişaf etdiyini və müasir dövrün tələblərinə uyğunlaşdığını göstərir.

Latviyalı qrossmeyster Artur Neykşans da yeni vaxt nəzarətini müsbət qiymətləndirib. Lakin o, tarixən nokaut sistemi ilə bağlı olan turnir üçün İsveçrə sistemi üzrə qrupları qeyri-adi qərar adlandırıb. Onun fikrincə, FİDE ilk turdan etibarən pley-off matçlarını saxlayaraq, onların müddətini sürətləndirilmiş klassik vaxt nəzarəti hesabına azalda bilərdi.

Aniş Giri isə dəyişikliklərin məntiqini başa düşdüyünü bildirib. Bununla belə, onun sözlərinə görə, islahatın geniş müzakirə aparılmadan bu qədər qəfil elan edilməsi şahmat ictimaiyyətinin bir hissəsinin mənfi reaksiyasına səbəb olacağı qaçılmaz idi.

Qeyd edək ki, FIDE prezidenti Arkadi Dvorkoviç yeni sistemin Dünya Kubokunun özünəməxsus xüsusiyyətlərini qorumaqla yanaşı, yarışı iştirakçılar üçün daha əlçatan, azarkeşlər üçün isə daha cəlbedici etməli olduğunu bildirib.

İdman.Biz