2027-ci il şahmat üzrə Dünya Kubokunun keçirilmə formatında edilən köklü dəyişikliklər çempionluq silsiləsinə daxil olan turnirə hazırlıq prosesində də ciddi yeniliklər yaradacaq.
İdman.Biz xəbər verir ki, bu fikri saytımıza açıqlamasında Azərbaycanın aparıcı şahmatçılarından biri, 2023-cü il Dünya Kubokunun yarımfinalçısı və 2024-cü il Namizədlər Turnirinin iştirakçısı Nicat Abasov səsləndirib.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) yarışın strukturunu əsaslı şəkildə dəyişib. Açıq turnirin ilk mərhələsində 224 iştirakçı hər birində 56 şahmatçı olmaqla dörd qrupa bölünəcək. Onlar hər gedişə görə 30 saniyə əlavə olunmaqla 45 dəqiqəlik vaxt nəzarəti altında İsveçrə sistemi üzrə doqquz tur keçirəcəklər. Hər qrupdan ilk dörd yeri tutan şahmatçı 1/8 finala yüksələcək və bundan sonra mübarizə Dünya Kubokunun ənənəvi formatında - iki klassik partiya və heç-heçə olacağı halda tay-brek sistemi ilə davam edəcək.
Qadınlar arasında Dünya Kubokunda isə 128 iştirakçı hərəsində 64 şahmatçı olmaqla iki qrupa bölünəcək. Hər qrupun ilk səkkiz şahmatçısı ənənəvi sistem üzrə keçiriləcək pley-off mərhələsinə vəsiqə qazanacaq.Nicat Abasovun sözlərinə görə, əvvəlki sistem daha uzun çəksə də, yarışa marağı artırırdı.
“Əslində, ilk vaxtlar dəyişikliklər o qədər də yaxşı qarşılanmır. Bu, belə formatda keçirilən yeganə turnir idi – uzun çəkirdi, amma maraqlı idi və istənilən nəticə mümkündü. Mənə elə gəlirdi ki, məhz buna görə Dünya Kuboku daha baxımlı olurdu”, - deyə Abasov bildirib.
O vurğulayıb ki, şahmatçılar hələ bu sistemdə çıxış etmədikləri üçün yeniliyə yekun qiymət vermək çətindir.
“Əvvəlcə İsveçrə sistemi üzrə oynamaq, sonra isə ilk dördlüyə düşsən, mübarizəni nokaut sistemi ilə davam etdirmək lazım gələcək. Əslində, bu, iki fərqli turnirdir. Biz hələ bu formatda oynamamışıq. Ona görə də hər şeyin necə olacağını indidən demək çətindir. Amma yenə də mən əvvəlki sistemin tərəfdarıyam”, - deyə qrossmeyster qeyd edib.
Abasovun fikrincə, Dünya Kubokunun strukturunda edilən dəyişikliklər iştirakçıların hazırlıq prosesinə də qaçılmaz şəkildə təsir göstərəcək.
“Düzünü desəm, hazırlıq prosesində konkret hansı dəyişiklikləri etməli olacağımız barədə hələ ətraflı düşünməyə imkanım olmayıb. Amma yanaşmanın dəyişəcəyi dəqiqdir. İndi əsas məsələ bunun necə olacağını müəyyənləşdirməkdir”, – deyə o əlavə edib.
Xatırladaq ki, Nicat Abasov 2026-cı ildə Polşanın Katovitse şəhərində keçirilən şəxsi Avropa çempionatında gümüş medal qazanaraq 2027-ci il Dünya Kubokuna vəsiqə əldə edib. Turnirə vəsiqə qazanan digər Azərbaycan şahmatçıları isə qitə çempionatında müvafiq olaraq üçüncü və dördüncü yerləri tutan Aydın Süleymanlı və Məhəmməd Muradlıdır.
