Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
İdman.Biz xəbər verir ki, 38 yaşlı iş adamı bu qərarı barədə şəxsi Instagram səhifəsində yazıb.
Məlumatı nüfuzlu şahmat nəşri “ChessBase” də yayıb və qeyd edib ki, seçkilərdə Turlovun komandasında prezident müavini postuna namizəd 15-ci dünya çempionu Vişvanatan Anand olacaq.
Əvvəlcə Turlovun Arkadi Dvorkoviçin komandasında prezident müavini vəzifəsinə namizəd olacağı planlaşdırılırdı. Lakin FIDE-nin hazırkı rəhbərinin Avropa İttifaqının 21-ci sanksiyalar paketinə salınmasından sonra vəziyyət dəyişib.
Dvorkoviç bu qərarı qanunsuz adlandırıb və ona etiraz etmək niyyətində olduğunu bildirib. Bununla belə, məhdudiyyətlərin təşkilatın fəaliyyətinə mane olmaması üçün səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb. Prezident səlahiyyətləri müvəqqəti olaraq Anandın öhdəsinə keçib. Daha sonra Dvorkoviç sentyabr seçkilərində iştirak etməyəcəyini təsdiqləyib. O bildirib ki, namizədliyi federasiya üçün ciddi risklər yarada bilər.
Qeyd edək ki, Turlov son illərdə dünya şahmatının, ilk növbədə uşaqlar və gənclər arasında milyonlarla yeni oyunçu qazandığını bildirib. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar şahmatı xeyli əlçatan edib, peşəkar yarışlar isə daha baxımlı və kommersiya baxımından daha cəlbedici olub. O hesab edir ki, FIDE mühüm inkişaf mərhələsindədir və tərəqqi tempini sürətləndirməlidir.
“Düşünürəm ki, bu prosesi intensivləşdirmək, inkişafa yeni enerji vermək və irəli getmək lazımdır”, - deyə Turlov vurğulayıb.
Namizəd əsas üstünlüyünü idarəçilik və investisiya təcrübəsinə, rəqəmsallaşmaya, süni intellektdən istifadəyə, şahmatın kommersiya cəlbediciliyinin artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəltmək niyyətindədir. Turlov xatırladıb ki, onun yaratdığı “Freedom Holding” 22 ölkədə fəaliyyət göstərir, 14 milyondan çox müştəriyə xidmət göstərir və 11 min nəfərlik komandaya malikdir. Onun sözlərinə görə, son illərdə şahmatın inkişafına 75 milyon dollardan çox vəsait yönəldib.
Turlov 2023-cü ildən Qazaxıstan Şahmat Federasiyasına, 2024-cü ildən isə Beynəlxalq Məktəb Şahmatı Federasiyasına rəhbərlik edir. Onun iştirakı ilə Qazaxıstan dünya çempionluğu uğrunda matça ev sahibliyi edib, Freedom Holding isə rapid və blits üzrə dünya çempionatları da daxil olmaqla ən böyük turnirlərə dəstək göstərib.
Yuxarıda qeyd olunduğu kimi, Turlovun tərəfdaşı 2022-ci ildən FIDE prezidentinin müavini vəzifəsini tutan Anand olacaq. Qazaxıstanlı funksioner əfsanəvi hindistanlı qrossmeyster ilə birlikdə seçkilərdə iştirak etməyi böyük şərəf adlandırıb və onların dünya şahmatının gələcəyi ilə bağlı ortaq baxışlara malik olduqlarını vurğulayıb.
Beləliklə, Turlov faktiki olaraq Dvorkoviçin komandasının varisliyini qoruyur, lakin artıq həmin komandada ön plana çıxır. Bunu, eləcə də rəsmi müraciətin təqdim olunmasına az vaxt qalmasını nəzərə alsaq, böyük ehtimalla Turlov komandasında radikal dəyişikliklər etməyəcək. Bu isə o deməkdir ki, 2022-ci ildən FİDE-nin vitse-prezidenti olan və Dvorkoviçin seçki komandasına daxil edilmiş Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun da həmin komandada yer alması kifayət qədər real görünür.
Bu baxımdan ehtimal etmək məntiqlidir ki, Turlov təcrübəli azərbaycanlı funksionerin öz blokunda qalmasında maraqlıdır. O, ya seçkili vitse-prezident vəzifəsinə namizəd kimi, ya da qələbə qazanacağı halda prezident tərəfindən təyin ediləcək rəhbərlər sırasında yer ala bilər.
Reqlamentə əsasən, iyulun 26-dək yalnız prezident və prezident müavini vəzifələrinə namizədlərin birgə müraciəti təqdim olunur. Dörd seçkili vitse-prezident postuna namizədlər isə ayrıca şəkildə avqustun 26-dək təqdim edilir. Daha üç vitse-prezidenti isə seçkilərdə qalib gələcək yeni prezident təyin edir.
Turlovdan başqa, FIDE prezidenti postu uğrunda mübarizə aparacağını təşkilatın sabiq prezidenti Kirsan İlyumjinov, almaniyalı iş adamı və “Freestyle Chess” layihəsinin həmtəsisçisi Yan Henrik Büttner (o, seçkilərə Malkolm Peyn ilə birlikdə qatılır), həmçinin “WR Chess” layihəsinin yaradıcısı Vadim Rozenşteyn də açıqlayıb.
Xatırladaq ki, İlyumjinov 1995–2018-ci illərdə FIDE-yə rəhbərlik edib və şahmatın Olimpiya Oyunlarının proqramına daxil edilməsinə, həmçinin Maqnus Karlsenin klassik dünya çempionatı silsiləsinə qayıtmasına nail olacağını vəd edib. Dünya reytinqinin lideri isə bu prosesə marağının qalmadığını əsas gətirərək dünya tacı uğrunda mübarizədən imtina edib.
Qeydiyyatdan keçmiş namizədlərin yekun siyahısı müraciətlər Seçki Komissiyası tərəfindən yoxlanıldıqdan sonra iyulun 28-də açıqlanmalıdır. FIDE prezidenti və prezident müavini seçkiləri sentyabrın 26-da Səmərqənddə təşkilatın Baş Assambleyasında keçiriləcək.
