Bu gün Azərbaycan şahmatının unudulmaz siması Vüqar Həşimovun doğum günüdür - VİDEO

24 İyul 2026 10:23
111
Bu gün Azərbaycan şahmatının unudulmaz siması Vüqar Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın görkəmli şahmatçısı, qrosmeyster Vüqar Həşimovun anadan olmasından 40 il ötür.

İdman.Biz xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub. O, 2002-ci ildə qrosmeyster adına layiq görülüb və uzun illər Azərbaycan yığmasının aparıcı üzvlərindən biri kimi beynəlxalq arenada uğurla çıxış edib.

Həşimov 2002, 2004, 2006 və 2008-ci illərdə Şahmat Olimpiadalarında Azərbaycan millisinin heyətində mübarizə aparıb. O, 2009-cu ildə yığmamızın tarixində ilk Avropa çempionluğunun qazanılmasında mühüm pay sahibi olub. Qrosmeyster həmçinin nüfuzlu beynəlxalq turnirlərdə qazandığı uğurlarla Azərbaycan şahmatının dünyada tanınmasına böyük töhfə verib.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə, 27 yaşında Almaniyanın Heydelberq şəhərində vəfat edib. Onun xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildən etibarən Şəmkirdə dünyanın aparıcı şahmatçılarının iştirak etdiyi Vüqar Həşimov Memorialı keçirilir. Bakıda fəaliyyət göstərən Qrosmeyster Vüqar Həşimov Şahmat Akademiyası da onun adını daşıyır.

Qısa ömrünə baxmayaraq, Vüqar Həşimov həm əldə etdiyi nailiyyətlər, həm də yüksək insani keyfiyyətləri ilə Azərbaycan idman tarixində silinməz iz qoyub. Onun adı bu gün də ölkə şahmatının ən parlaq simalarından biri kimi böyük hörmətlə anılır.

İdman.Biz