Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünün müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
İdman.Biz xəbər verir ki, FIDE-nin rəsmi saytının yaydığı məlumata görə, buna səbəb İdman Arbitraj Məhkəməsi(CAS, Court of Arbitration for Sport) tərəfindən çıxarılmış qərarın yerinə yetirilməməsidir.
Qurumdan bildirilib ki, CAS-ın (CAS 2024/A/10911) qərarında əks olunan tələblər müəyyən olunmuş müddətə - 2026-cı il iyunun 9-dək icra edilməyib. Məhkəmənin hökmünə əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Krım Muxtar Respublikası, həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində istənilən fəaliyyətini dayandırmalı idi.
Məlumata görə, iyunun 17-də FIDE Şurasının növbəti iclası keçiriləcək. Həmin iclasda CAS qərarının icra vəziyyəti qiymətləndiriləcək və təşkilatın nizamnaməsinə uyğun olaraq növbəti addımlar müzakirə olunacaq.
Xatırladaq ki, FIDE ilə Rusiya Şahmat Federasiyası arasında mübahisə Rusiya qurumunun Ukrayna ərazilərində fəaliyyət göstərən regional şahmat təşkilatlarını öz tərkibinə daxil etməsindən sonra yaranmış və məsələ CAS-da araşdırılmışdı.
