Azərbaycan qadın şahmatının liderlərindən biri olan Günay Məmmədzadə Batumidə (Gürcüstan) keçirilən şəxsi Avropa çempionatında çıxışını vaxtından əvvəl başa vurub.
Azərbaycan Şahmat Federasiyasından İdman.Biz-ə verilən məlumata görə, qitə birinciliyində uğursuz nəticələr seriyasından sonra Məmmədzadə turniri davam etdirməmək qərarına gəlib və yarışdan geri çəkilib.
Şahmatçı bu qərarı ardıcıl dördüncü məğlubiyyətdən sonra verib. Maraqlıdır ki, uğursuz seriya ərzində o, millimizin digər üzvü Səbinə İbrahimova ilə görüşdə də məğlub olub. Nəticədə Məmmədzadə ötən gün Latviyanı təmsil edən Madara Qolsta ilə sondan əvvəlki turun partiyasına çıxmayıb, son tur üçün keçirilən püşkatmada isə onun adına artıq rast gəlinməyib.
Digər azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva üçün də yarış uğurlu alınmayıb. O, finişə yaxın ardıcıl iki məğlubiyyət alıb, o cümlədən sondan əvvəlki turda uduzub. Bundan sonra altı xalla 26-cı pilləyə geriləyib. Beləliklə, Fətəliyeva artıq ilk onluğa düşərək 2027-ci il Dünya Kubokuna vəsiqə qazanmaq şansını itirib.
Nüfuzlu turnirə vəsiqə qazanmaq imkanını yalnız Gövhər Beydullayeva qoruyub saxlayır. Yeddi xalla 11-ci pillədə qərarlaşan şahmatçı son iki partiyasında qələbə qazanıb. Dünya Kubokuna vəsiqə əldə etmək üçün o, çempionatın sonuncu - 11-ci turunda da qalib gəlməlidir.
Azərbaycanın digər şahmatçıları isə son tur öncəsi turnir cədvəlinin orta sıralarında yer alırlar.
