Hazırkı dünya çempionu, hindistanlı Dommaracu Qukeşlə özbəkistanlı Cavohir Sindarov arasında dünya şahmat çempionluğu uğrunda matç İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
İdman.Biz FİDE-yə istinadən xəbər verir ki, qarşılaşma noyabrın 25-dən dekabrın 15-dək baş tutacaq.
FIDE ev sahibi seçimində ABŞ, Hindistan və Kiprin namizədliklərini geridə qoyaraq Cenevrəyə üstünlük verib.
Qukeş və Sindarov ilk partiya zamanı 20 yaşında olacaqlar. Bununla da bu qarşılaşma 1886-cı ildən bəri dünya çempionluğu uğrunda keçirilən ən gənc matç kimi tarixə düşəcək.
Qeyd edək ki, aprel ayında Sindarov Kiprdə keçirilən Namizədlər Turnirində vaxtından əvvəl qələbə qazanıb və nəticədə, bu, ona Qukeşlə oynamaq hüququ verib. Hindistanlı şahmatçı 2024-cü ilin dekabrında çinli Din Lijeni məğlub edərək dünya çempionu olub.
