Şahmatçılarımız Avropa çempionatında qələbələrini sıralamaqda davam edir

10 Aprel 2026 11:10
292
Şahmatçılarımız Avropa çempionatında qələbələrini sıralamaqda davam edir

Azərbaycan qrossmeysterləri Aydın Süleymanlı və Nicat Abasov Polşanın Katovitse şəhərində keçirilən şəxsi Avropa çempionatında qələbə seriyasını davam etdirərək turnirin liderlər qrupunda yer alıblar.

İdman.Biz xəbər verir ki, hər iki şahmatçı ardıcıl üçüncü qələbəsini qazanaraq üç xalla liderlər sırasındadır. Onlar əlavə göstəricilərə görə müvafiq olaraq yeddinci və 10-cu pillələrdə qərarlaşıblar.

Üçüncü turda Aydın Süleymanlı həmyerlisi Riad Səmədov üzərində qələbə qazanıb. O, növbəti turda türkiyəli Işık Can ilə üz-üzə gələcək. Nicat Abasov isə ukraynalı Svyatoslav Bazakutsanı məğlub edib və qarşıdakı turda onun həmyerlisi Roman Dekhtyarovla qarşılaşacaq.

2,5 xal toplayan təqibçilər qrupunda isə Xəzər Babazadə, Məhəmməd Muradlı, Gövhər Beydullayeva və Şiroğlan Talıbov yer alıblar.

Qeyd edək ki, Katovitsedə iştirak edən azərbaycanlı şahmatçılar arasında yeganə qadın təmsilçi olan Gövhər Beydullayeva üçüncü turda reytinqi ondan təxminən 200 xal yüksək olan ingiltərəli Şeys Royal üzərində qələbə qazanıb.

Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarətdir və yekunda ilk 20 şahmatçı 2027-ci il Dünya Kubokuna vəsiqə əldə edəcək.

İdman.Biz