ABŞ-li boksçu Ceyk Pol britaniyalı ağır çəkili boksçu Entoni Coşua ilə döyüşdə aldığı zərbə barədə qəribə açıqlama verib.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı “The Pivot Podcast”da çənəsini sındıran zərbənin ağrılı olmadığını bildirib.
Pol Coşuanın həlledici zərbəsini belə xatırlayıb:
“And içirəm ki, həmin zərbə heç ağrıtmadı. Sadəcə düşündüm ki, bu, yaxşı zərbə idi. Amma həyatda bundan daha çox ağrıdan şeylər var. Məsələn, ayaq barmağını harasa vurmaq Entoni Coşuanın yumruğundan daha çox ağrıdır”.
Coşua 19 dekabr 2025-ci ildə ABŞ-nin Mayami şəhərində keçirilən ağır çəkili döyüşün altıncı raundunda Polu nokaut edib. ABŞ-li boksçunun çənəsi iki yerdən sınıb. Əməliyyat zamanı onun çənəsinin hər iki tərəfinə titan lövhələr yerləşdirilib və bir neçə dişi çıxarılıb.
Qeyd edək ki, Ceyk Pol bundan əvvəlki döyüşündə 28 iyun 2025-ci ildə meksikalı boksçu Xulio Sezar Çaves Juniora hakimlərin yekdil qərarı ilə qalib gəlib.
