“World Boxing” rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri ləğv edib

31 İyul 2026 17:49
111
“World Boxing” rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri ləğv edib

“World Boxing” İcraiyyə Komitəsi rusiyalı boksçulara tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması barədə qərar qəbul edib.

İdman.Biz xəbər verir ki, bundan sonra onlar bütün beynəlxalq yarışlarda Rusiya bayrağı və himni altında çıxış edə biləcəklər.

Məlumatı Rusiyanın idman naziri Mixail Deqtyarev da təsdiq edib.

Eyni zamanda “World Boxing”in bəyanatında bildirilib ki, təşkilat yarışlar zamanı Rusiya nümayəndə heyətlərinin davranışına, həmçinin antidopinq qaydalarına ciddi nəzarət edəcək.

Deqtyarev isə qeyd edib ki, məhz “World Boxing” Olimpiya Oyunlarında boks yarışlarını keçirmək səlahiyyətinə malikdir. Onun sözlərinə görə, Rusiya Boks Federasiyasının (RBF) “World Boxing”ə tamhüquqlu üzv qəbul olunması rusiyalı boksçuların beynəlxalq yarış təqviminə, o cümlədən olimpiya dövrünə tam şəkildə qayıtmasına imkan yaradacaq.

Qeyd edək ki, “World Boxing” 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyasına (IBA) alternativ olaraq yaradılıb. Təşkilatın əsas məqsədi boksun Olimpiya Oyunlarının proqramında saxlanılmasını təmin etməkdir.

İdman.Biz
Məqalədə: