Uqandanın sabiq diktatoru İdi Aminin nəvəsi Aziz Abdul Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birlik Oyunlarında qızıl medal qazanmağı hədəfləyib.
İdman.biz BBC-yə istinadən xəbər verir ki, 25 yaşlı superağır çəkili boksçu 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparır. O, 1/4 finalda İngiltərə təmsilçisi Damar Tomasla qarşılaşacaq. Qələbə qazanacağı halda, Abdul ən azı bürünc medalı təmin edəcək və Uqandaya 1990-cı ildən sonra boks üzrə ilk Birlik Oyunları medalını qazandıracaq.
Aziz Abdul bildirib ki, Qlazqoda qızıl medal qazanacağına inanır.
"Sabahın nə olacağını Allah bilir. Bəlkə də Şotlandiyanın yeni kralı mən olacağam. Bu mümkündür. Şotlandiyanı çox bəyənirəm və bura gələndə bayrağımı asmışdım", - deyə o, bildirib.
Abdul qeyd edib ki, əsas məqsədi ölkəsinə uğur qazandırmaq və öz adı ilə tanınmaqdır.
"Mən ölkəm üçün nəsə etmək istəyirəm. İnsanların məni tanımasını istəyirəm. Dünyada İdi Aminin nəvəsi kimi deyil, boksçu Rinqo kimi tanınmaq istəyirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, Aziz Abdulun babası İdi Amin 1971-1979-cu illərdə Uqandanın prezidenti olub. Onun hakimiyyəti dövründə yüz minlərlə insanın öldürüldüyü bildirilir və o, tarixə ən qəddar diktatorlardan biri kimi düşüb.
